Ümumi təhsil məktəblərində bütün siniflər üzrə (I-XI) sinif rəhbəri təyin edilir. Sinif rəhbərinin əsas işi şagirdləri şəxsiyyət kimi formalaşdırmaq, onlarda vətəndaşlığı tərbiyə etmək, insanın hüquq və azadlıqlarına hörmət, ətraf mühitə sevgi, vətənə, ailəyə məhəbbət hissləri aşılamaq və s. ibarətdir.
Sinif rəhbəri məktəb direktoru tərəfindən təyin edilə və vəzifədən uzaqlaşdırıla bilər. Onların fəaliyyətinə isə tərbiyə işləri üzrə direktor müavini nəzarət edir. Qanunvericiliyə əsasən, sinif rəhbəri təyin edilmiş şəxslərin aylıq əmək haqqısına 40 manat əlavə edilir.
AzEdu.az sinif rəhbərlərinin hüquqları haqda məlumatı təqdim edir:
- məktəb özünüidarəetmə orqanlarında şəxsi şərəf və ləyaqətini qorumaq və sinif kollektivində sinifdənxaric işin vəziyyətinin qiymətləndirilməsində mövqeyini müdafiə etmək;
- ümumtəhsil müəssisəsinin rəhbərliyi ilə razılaşma əsasında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya (mütəxəssislərə) müraciət etmək.
Sinif rəhbəri fəaliyyəti zamanı nə edə bilməz?
- uşaqların şəxsiyyətini, ləyaqətini alçaltmaq, onu sözlə və ya hərəkətləri ilə təhqir etmək;
- şagirdi cəzalandırmaq məqsədilə dərs zamanı əsassız olaraq təlim müvəffəqiyyətini əks etdirən qiymətini aşağı salmaq;
- uşağın etimadından süni istifadə etmək, ona verdiyi vədə əməl etməmək, onu düşünülmüş şəkildə aldatmaq;
- şagirdin özü iştirak etmədiyi şəraitdə onun hərəkətlərini müzakirə etmək, onu pisləmək, nüfuzunu aşağı salmaq.
- şagirdlər qarşısında öz həmkarlarını onların iştirakı olmadan müzakirə etmək, pisləmək, müəllimin və bütün pedaqoji kollektivin nüfuzuna xələl gətirmək.
Qeyd edək ki, bu hüquqlar Azərbaycan Respublikası Təhsil nazirinin, 05 mart 2009-ci il tarixli, 270 №-li əmri ilə təsdiq edilmiş sinif rəhbəri haqqında əsasnaməyə əsaslanır.