"Gözəl ilə böyüyə türk, gözəllik ilə böyüklüyə türklük, gözəl və böyük sözə türkcə, gözəllik və böyüklük diyarına Türküstan " deyən birinə kim türk deyildir deyə bilər? (Nizami Gəncəvi)
Güney və Quzey Azərbaycanda Nizami Gəncəvinin türk, yaxud fars şairi olması ilə bağlı çox ciddi müzakirələr gedib. Hətta onun İrandakı büstündə "Fars şairi Nizami” yazılıb. Fəqət bu, yanlışdır. O, hər zaman türk olub və türk də qalacaq. Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu, üzağlığımız M.Ə.Rəsulzadənin "Azərbaycan şairi Nizami” kitabı Nizaminin kimliyi ilə bağlı bütün suallara cavab verir. Bu anıt müxtəlif illərdə (1991, 2008, 2011) ayrı-ayrı nəşriyyatlarda çap olunub. Kitabda böyük Nizami Gəncəvinin uşaqlığından ölümünədək tutarlı faktlar qeyd olunub. Fars tədqiqatçıları şairin bütün yaradıcılığı boyu farsca yazmasından yola çıxaraq onun qəti şəkildə fars olduğunu bildiriblər. Əslində, Nizami türkcə də yazıb. Onun "Xəmsə”si araşdırılıb və oradakı türk sözləri əsasında kiçik bir lüğət də tərtib olunub. Təkcə Nizami yox, Məhsəti Gəncəvi, Əbül Üla Gəncəvi kimi dahilər də zamanın tələbindən yayına bilməyib, farsca yazıb, yaradıb. M.Ə.Rəsulzadə də göstərib ki, necə vaxtı ilə XVIII əsrdə Avropa dövlətləri fransızca yazmaq ənənəsindən qurtula bilmirdi, XII əsrdə də farsca yazıb və danışmaq tələb olunurdu. Fars dilində yazması Nizamini türk şairi olmaqdan çəkindirməz. Təbiət ruhlu şairin nə yazması, necə hiss etməsi əsasdır. "Azərbaycan şairi Nizami” anıtı Azərbaycanda "Allahu-Əkbər” səsinin kəsildiyi, Sovet rejimi altında inləyən zamanımızda yazılıb. O zaman mühacirət həyatı yaşamış M.Ə.Rəsulzadə Nizami Gəncəvi ilə bağlı yazmağı, onu gələcək nəsillərə düzgün tanıtmağı özünə borc bilib. Kitabın müxtəlif fəsillərində "Xəmsə”yə daxil olan hər bir əsəri təhlil edilib. Bəzi tədqiqatçılar M.Ə.Rəsulzadənin daha tutarlı faktlar əsasında kitabı daha da zənginləşdirə biləcəyini qeyd ediblər. Ancaq çətin olan olmuş dövrdə, belə ağır mövzunu işləmək qəhrəmanlıq deyildir, bəs nədir?!
Burada, haqlı olaraq Nizami Gəncəvi "Dünya şairlərinin müəllimi” adlandırılıb. Yunanlar dünyaya Homeri, italyanlar Vergilini, iranlılar Firdovsini vermişlərsə, biz də Nizamini vermişik. O, öz "Xəmsə”si ilə azərbaycanlı damğasını dünyaya vurdu. Gəncəni heç zaman tərk etməyən, ömrünün sonuna kimi sadə həyatı olan şairin yazdıqları günümüzdə gərəkli mövzulardır. Özü də əsərinin heç zaman qiymətdən düşməyəcəyinə işarə vuraraq bildirir. "Bu, elə bir əsər deyildir ki, bir neçə vaxtdan sonra fələk onun üstündən qələm çəkə bilsin”. Bənzəri olmayan Nizamini tayı-bərabəri olmayan bu kitab doğru-dürüst anlada bildi. Çox dəyərli bu əsərini M.Ə.Rəsulzadə "mühacirət həyatının çəkilməz şərtləri içərisində” İstanbulda, Buxarestdə, Almaniyada yazmağa müvəffəq olub. Kitabın ilk səhifəsində "Azərbaycan Xalq Cümhuriyyətinə ərmağandır” sözləri yazılıb. Bu, heç şübhəsiz, həyatını tək bir amal - Azərbaycanın müstəqilliyi uğrunda qurmuş M.Ə.Rəsulzadənin öz ölkəsinə hər yerdə sadiq qalmasına sübutdur. Artıq 520 səhifəlik kitabın sonundayıq. Anıt əsasında öyrəndiklərimizə əsasən deyə bilərik ki, Nizami türkdür və türk olaraq qalacaq.
Əsərdən bir parçanı təqdim edirik. "Okeanın sirri damladan olar” misalını əsas gətirərək bütün əsərin mahiyyətini özündə əks etdirən hissəni təqdim edirik:
Əsla!!!
Əsərlərini ərəbcə yazdıqları halda, türklük haqqındakı duyğuları ilə, türk mədəniyyəti və vətənpərvərliyi tarixində müstəsna yer tutan Kaşğarlı Mahmudlar, Uğurlu Fəxrəddin Mübarəkşahlar, Zəməxşərli Mahmudlar nə qədər türkdürlərsə, Nizami də onlar qədər türkdür!
Nizamidə türklük
Qoca bir qadının Sultan Səncərə xitabından:
Türklərin çün yüksəldi dövlətləri,
Ədalətlə bəzəndi bütün elləri.
Madam ki, sən zülmə qulluq edirsən,
Türk deyil, qarətgar bir hindusan!
N i z a m i
Klassik İran ədəbiyyatında "türk” sözünün gözəl mənasında işləndiyi həqiqətdir. Hafiz Şirazinin bir qəzəlində "tork-e Şirazi”dən bəhs etməsi məşhurdur:
Əgər an tork-e Şirazi be dəst arəd del-e ma-ra,
Be xal-e henduyəş bəxşəm Səmərqənd-o Boxara-ra.
Buradakı "Şiraz türkü”ndən məqsəd Şiraz vilayətində bədənlərinin tənasübü və üzlərinin gözəlliyi ilə məşhur olan Qaşqay türklərindən - sözün həqiqi mənasında bir türkmüdür, yoxsa "türk” sözü burada məcazi olaraq "gözəl” mənasındamı işlənmişdir? Bu barədə müxtəlif mövqelərdə dayananlar vardır.
Hafizin, mənası "insanlar mey qədrini bilsəydilər, gecələr yatmaz, üzüm əkərdilər; tənəkləri ud ağacından edər, arxlardan gülab axıdardılar və hər salxımın altında bir türk qızı oturub milçəkləri qovardılar” olan bir qitəsindəki "türk qızı” deyə tərcümə etdiyimiz "kənizək-e türk” - türk cariyəsi ifadəsinin də həqiqi, yoxsa məcazi mənada işlədilməsi barədə mübahisə etmək olar.
Gözəllik məfhumu olaraq işlədilən "türk” sözünün həqiqi və ya məcazi mənalarda digər şair və yazıçılarda da nümunələrini tapmaq mümkündür.
Amma yəqin ki, heç bir yerdə və farsca yazılmış heç bir əsərdə "türk” məfhumu Nizamidə olduğu qədər sevgi və məntiqi bir silsilə ilə ifadə edilməmişdir. Şairin təhlil etməkdə olduğumuz "Xəmsə”sində bu müddəanın 80-dən artıq müxtəlif dəlil və əsaslarını tapmışıq.
Bizə elə gəlir ki, "tork” sözü Nizamidən əvvəl, həqiqi mənada, nadir hallarda, "ağlıq” və "gözəllik” məfhumunda işlənmişsə də, məcazi olaraq yalnız onun dövründə "yüksəklik”, "paklıq” və "gözəllik” mənalarını kəsb etmişdir. Bu söz Hafizin məşhur beytindəki məcazi mənada sonrakı çağlarda işlədilməsi üçün bizcə, Nizamiyə borclu olmalıdır.
Əsər dövrün tələblərinə uyğun olaraq Nizamini bir "həkim”, şeyx kimi yox, millətin yetirməsi olan şəxsiyyət kimi təqdim edir. Çünki əsərləri yazdıran həm də dövrün tələbidir. Məhəmməd Əmin Nizaminin "Sirlər xəzinə”si əsərinin dərin fəlsəfi qatını açsa idi, təbii ki, öz hədəfindən uzaqlaşa bilərdi. Söz yox ki, Nizami Şərq mədəniyyətinin intibah müəllifi kimi dərin bir mahiyyətin, fəlsəfənin əsas təsvirçisidir. Amma Rəsulzadənin məramı tamam başqadır. O, Nizamini bir Azərbaycan hadisəsi kimi daha böyük arenaya çıxarmaq istəyir.
Əsərin yazılması Nizaminin fəlsəfi yöndən açımından daha çox Azərbaycanın Nizamiləşməsini göstərməyə cəhd idi!