Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə 2019-cu il iyunun 23-də keçirilən qəbul imtahanlarının nəticələrini elan edib.
İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 24028 abituriyentdən 298 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 6 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
İmtahanda I ixtisas qrupu üzrə 7 abituriyent, IV ixtisas qrupu üzrə isə 2 abituriyent onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimal nəticə – 400 bal toplayıb. Maksimum bal toplayanlardan 5-i İmişli, Mingəçevir, Lənkəran, Bərdə, Zaqatala rayonlarında təhsil alan abituriyentlərlərdir.
AzEdu.az əməkdaşı İmişli, Mingəçevir deputatları ilə əlaqə saxlayaraq, təmsil etdikləri bölgənin təhsil uğuru ilə bağlı təəssüratlarını öyrənib:
“Maksimum bal toplayan abituriyentin nömrəsini tapıb təbrik edəcəm”.
Sevindirici xəbəri ilk bizdən eşidən millət vəkili Aydın Mirzəzadə maksimum bal toplayan abituriyentlə görüşəcəyini deyir. Onu abituriyentə hədiyyəsi də olacaq:
“Bu xəbəri ilk sizdən eşidirəm və mənim üçün sevindirici haldır. Mingəçevirdə təhsilə həmişə böyük diqqət yetirilir. Valideynlər övladlarının ali təhsil almalarında çox maraqlıdır. Hər il qəbul olanların sayı kifayət qədər çox olur. DİM-in nəticələrində də Mingəçevir məktəblərinin göstəriciləri həmişə yüksək olub. Elə mənim ailə üzvlərimdən Mingəçevirdə orta məktəb çalışan müəllimlər var. Daim onlarla əlaqə saxlayıb, təhsillə bağlı məlumat alıram. Elə bir azdan həmin maksimum bal toplayan abituriyentin nömrəsini tapıb təbrik edəcəyəm. Bu nəticəni tək Mingəçevirin yox, Azərbaycan təhsilinin uğuru hesab edirəm.
Yüksək bal toplayan tələbəylə ya Bakıda, ya da Mingəçevirdə görüşümüz olacaq. Ona hədiyyəm də olacaq. Hədiyyənin nə olacağını isə özüylə danışıb ehtiyacı, marağı istiqamətində qərarlaşdıracağıq. Tələbəlik dövründə də onun təhsilini daim diqqətdə saxlamağa çalışacağam. Belə yüksək nəticə göstərən tələbənin hər hansı xüsusi diqqətə ehtiyacı olacağına inanmıram. Amma bununla belə onun təhsili, nailiyyətləri ilə bağlı çalışacağam ki, məlumatlı olum”.
“İndiyə qədər gənclərin qazandığı uğurlar onların fərdi fəaliyyətinin nəticəsi idi”
Deputat Çingiz Qənizadə (İmişli-Beyləqan) maksimum bal toplayan abituriyenti təbrik edərək, ona gələcək təhsilində uğur arzulayıb:
“İmişlidə son illər təhsil sahəsi bərbad bir vəziyyətdə yaranmışdı. Ötən ildən başlayaraq bu sahədə də islahatlar aparıldı. İndiyə qədər gənclərin qazandığı uğurlar onların fərdi fəaliyyətinin nəticəsi idi.
Amma son iki ilə yaxındır ki, bu sahədə lazımı islahatlar keçirilir. İmişli-Beyləqanı təmsil etdiyim üçün bu xəbər məndə ikiqat sevinc hissi oyatdı. Çox istərdim ki, Azərbaycanın hər bir bölgəsində təhsil səviyyəsi o dərəcədə yüksək səviyyəyə çatsın ki, maksimum bal toplayanlar barmaqla sayılacaq qədər olmasın. Bu sayın artmasını arzu edirik. İstərdim ki, Azərbaycan təhsili dünyada yüksək göstəricisi olan ölkələrlə müqayisə edilsin.
Maksimum bal toplayan gəncimizə də uğurlar arzulayıram. Bu yaşda belə hazırlıqla maksimum nəticəni əldə etməyin özü böyük uğurdur. İnanıram ki, o, ali təhsil müəssisəsində də öz uğurlarını davam etdirəcək.
Rayon icra hakimiyyəti ilə birlikdə, belə gənclərlə zaman-zaman görüşlərimiz olur. Yəqin ki, yay mövsümünün sonunda, məzuniyyətlər bitdikdən sonra, bu uşaqlarla yenidən görüşüb onlarla bağlı tədbir keçiriləcək”.
Rəna Nəbi