Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi(BDPTM) ilə Sumqayıt Texnologiyalar Parkı (STP) arasında əməkdaşlıq və qarşılıqlı münasibətlərin qurulması haqqında memorandum imzalanıb.
AzEdu.az xəbər verir ki, memorandum çərçivəsində qurumlar arasında bir sıra layihələr üzrə birgə fəaliyyət nəzərdə tutulub. Eyni zamanda, memorandumdan irəli gələn məsələlərin icrası ilə bağlı fəaliyyət planının hazırlanmasına başlanılıb.
Əməkdaşlıq çərçivəsində Sənaye və İnnovasiyalar üzrə BDPTM-də tədris olunacaq 8 ixtisas üzrə təhsil proqramlarının dinamik dəyişən əmək bazarının tələblərinə uyğunluğunun ölçülməsi məqsədi ilə STP-nin müvafiq şöbələri tərəfindən rəylər hazırlanır.
Eyni zamanda, əməkdaşlıq çərçivəsində Sənaye və İnnovasiyalar üzrə BDPTM-ə tələbə qəbulu prosesi, tələbələrin peşəkar bacarıqlarının inkişafı məqsədilə İnternatura proqramları və təkmilləşdirmə kurslarının keçirilməsi, buraxılış imtahanlarının təşkili və məzun tələbələrin işlə təmin olunması üzrə dəstəyin göstərilməsi nəzərdə tutulur.
Qeyd edək ki, 26 yanvar 2018-ci ildə təməli qoyulan Sənaye və İnnovasiyalar üzrə BDPTM 2019-2020-ci tədris ilindən fəaliyyətə başlayacaq. Beynəlxalq təhsil standartlarına əsaslanan mərkəzin əsas məqsədi qlobal sənaye ehtiyaclarına hazır olan rəqabətqabiliyətli kadrlar hazırlamaqdır.