Dünən həm də Geoloqlar Günü idi... Təəssüf ki, mediada Azərbaycanın geologiya elminə aid, həmçinin, məşhur geoloqları barəsində demək olar, heç nə yazılmadı. Lakin Azərbaycan elminin ən inkişaf etmiş qolu, həmçinin, iqtisadiyyata kifayət qədər müsbət təsir etmiş yönü məhz geologiya olub. Bir zamanlar, Azərbaycan geoloqları bütün SSRİ-nin ən tanınmış mütəxəssisləri sayılıblar. Onlara misal olaraq, Mirəli Qaşqay, Şəfayət Mehdiyev, Musa Əliyev, Xudu Məmmədov kimi böyük alimləri göstərə bilərik.
Lakin bu elm sahəsinin bir dühasını xüsusi qeyd etmək lazımdır: Sibir neftinin atası Fərman Salmanov!
Bir zamanlar onu bütün dünya tanıyırdı. SSRİ əvvəlcə düşmən gözündə gördüyü alimi sonradan qəhrəmana çevirmişdi.
AzEdu.az bu yazıda Azərbaycanın böyük alimlərindən biri Fərman Salmanovu yad edəcək. Məqalə Azərbaycanın bütün geoloqlarına ithaf olunur...
Ötən əsrin 60-cı illəri... Bir qrup alim-geoloq Sibirin qan donduran şaxtalarına baxmayaraq israrla öz ekspedisiyalarını davam etdirirlər. Xüsusən də onların rəhbərlərində hiss olunan inad və nikbinlik geoloqları ayaq üstə saxlayır. Baxmayaraq ki, onlar ailə və övladları ilə birlikdə Qərbi Sibirdə demək olar ki, çöl şəraitində yaşayırlar. Taxta evlərdə gecələyən bu ailələri sovet rəhbərliyi də çox sıxışdırır. Geoloqların rəhbəri olan şəxs isə bu təzyiqlərin qarşısında elə Sibir şaxtasının özü kimi soyuq iradə ilə dayanır. Rəhbərlik isə onu neft tapmadığına, ölkənin sərvətini israf etdiyinə görə həbslərlə hədələyir. Amma baş geoloq yolundan dönmür. İnanır ki, indi onu hədələyən insanlar vaxt gələcək ki, bu alimi yəni , əslən Azərbaycanın Şəmkir rayonundan olan “Sibir neftinin atası” Fərman Salmanovu bir qəhrəman kimi qəbul edəcəklər.
1940-cı illər... SSRİ-nin neft sənayesi naziri Baybokov deputatlığa namizəd kimi bir çox yerlərdə görüşlər keçirir. Rayonların birində məktəbdə görüş keçirərkən rus dilini yaxşı bildiyi üçün qabaqcadan hazırlanmış bir şagirdi onun qarşısına çıxarırlar. Şagird “protokol” çıxışını edəndən sonra qəfildən nazirə müraciət edir: - Əziz Nikolay Konstantinoviç! Bizim yollarımız çox pis vəziyyətdədir. Evdən təmiz çıxırıq , amma məktəbə gələndə artıq bütün üst-başımız palçıqlı olur. Bir də ki, mən böyüyəndə neftçi olacağam. Sizi əmin edirəm ki, mən məktəbi bitirəndən sonra neft institutuna daxil olacağam.” Bu zaman rəyasət heyətində oturan Baybokov 3 ay ərzində yolun düzəldilməsi üçün vaxt verir. Daha sonra həmin şagirdin yanına gələrək deyir:- “Gənc, sənin peşə seçimini bəyənirəm. Biz Qərbi Sibirdə yeni yataqlar kəşf etməliyik.”
1955-ci il... Ali məktəbin geologiya ixtisasını bitirmiş bir gənc Sibirə neft axtaran ekspedisiyanın rəhbəri kimi yollanır. Az sonra Plotonski neft kəşfiyyat idarəsinin rəhbəri təyin edilən geoloq ezam edildiyi yerdə neftin varlığına inanmır. Qazıntı apardıqları Kuzbas ərazisində neftin varlığına inanmayan geoloq o zaman üçün görünməmiş bir risk edir. Nə sənaye sahəsindəki rəhbərliyi, nə də mərkəzi xəbərdar etmədən ekspedisiya qrupunu özbaşına Surqut ərazisinə aparır. Bu geoloq 10 il bundan əvvəl məktəbdə Baybokova şikayət edən və neftçi olacağını bildirən şagird – Salmanov Fərman idi. O Salmanov ki, bu 1950-ci illərdə avantürist hesab olunsa da çox keçmədən bütün ittifaqın qəhrəmanına çevriləcəkdi.
Salmanovu Sibirə aparan başqa bir səbəb də var idi: ailə şəcərəsi. Araşdırmaçı alim Baba Allahnəzərov böyük geoloqun Sibirdəki uğurunda bunun da əsas faktor olduğunu qeyd edir: “Onun Sibirə getmək istəyi çox maraqlıdır ki, babası Süleymana görə olub. Ağa və mollaların zülmünə qarşı etiraz etdiyinə görə, babası Süleyman 1888-ci ildə Sibirə 20-illik sürgünə göndərilir. Burada o, rus-yapon müharibəsində iştirak edir, göstərdiyi şücaət müqabilində mükafat olaraq həbsdən azad olunur, hətta sibirli qız Olqa İosifovna ilə evlənmişdi də. Xanımı Firuzə adını qəbul etdikdən sonra Süleyman baba vətənə qayıdır.