Son illərdə Azərbaycanda təhsilin əlçatanlığını və keyfiyyətini artırmaq məqsədilə həyata keçirilən sosial dəstək mexanizmlərindən biri də Təhsil Tələbə Krediti Sistemi olub. Bu sistem maddi imkanları məhdud olan, lakin yüksək təhsil motivasiyasına sahib gənclərə ali təhsil müəssisələrində təhsil almaq imkanı yaradır. Dövlətin təşəbbüsü ilə tətbiq edilən bu kredit mexanizmi qısa müddət ərzində minlərlə tələbənin ali təhsilə çıxış imkanlarını genişləndirmiş və sosial ədalətin təmin olunmasına töhfə verib.
Magistratura səviyyəsində təhsil alan tələbələrin də bu imkandan fəal şəkildə yararlandığı müşahidə olunur.
2025-2026-cı tədris ili üzrə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olanlar içərisində ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti üçün müraciət edib?
Mövzu ilə bağlı AzEdu.az Təhsil Tələbə Krediti Fonduna (TTKF) sorğu ünvanlayıb.
Fonddan sorğumuza cavab olaraq bildirilib ki magistratura səviyyəsi üzrə kreditə müraciət edən və ondan yararlanan tələbələr arasında ən çox təhsil krediti rəsmiləşdirilmiş ali təhsil müəssisələri sırasına Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universiteti daxildir.Rəsmiləşdirilmiş təhsil kreditləri üzrə gender bölgüsü isə aşağıdakı kimidir:
Azərbaycan Dövlət İqtisad Universiteti üzrə ümumilikdə 372 nəfər tələbə təhsil tələbə kreditindən yararlanıb ki, onlardan 161 nəfəri kişi, 211 nəfəri isə qadındır.
Azərbaycan Texniki Universitetində bu göstərici 215 nəfər təşkil etmiş, onlardan 128-i kişi, 87-si qadın olub.
Azərbaycan Memarlıq və İnşaat Universitetində isə ümumilikdə 94 nəfər tələbənin kredit müqaviləsi rəsmiləşdirilmiş, onlardan 52-si kişi, 42-si isə qadın olub.
Qeyd edək ki, təhsil tələbə kreditlərindən yararlanan tələbələrin təhsil aldıqları ali təhsil müəssisələrinin sıralanması müraciətlərin və rəsmiləşmələrin sayına əsasən müəyyən olunur və bu göstərici artan dinamika ilə daim dəyişir.