"Zaman keçdikcə artıq hər kəs başa düşdü ki, magistratura təhsili nədən ibarətdir, hansı məqsədə xidmət edir".
Bu sözləri AzEdu.az-a açıqlamsında elm və təhsil eksperti Səbuhi Abdullayev bildirib.
Onun sözlərinə görə son 10 ildə magistratura səviyyəsinə kütləvi axın müşahidə olunur:
"Ondan əvvəlki illəri, yəni təxminən 15-20 il əvvəli nəzərə alsaq, hər qrupdan sadəcə 1-2 nəfər magistratura təhsilini davam etdirirdi. Onlar da adətən ya əlaçı, ya da zərbəçi tələbələr olurdu.
Ancaq hazırda bu proses kütləviləşib. Demək olar ki, bir qrupun əksəriyyəti magistraturaya hazırlaşır. Bu, bir tərəfdən cəmiyyətin ümumi tendensiyası ilə əlaqədardır; yəni “hamı gedir, mən də gedim” prinsipi ilə hərəkət edənlər var. Digər tərəfdən isə bəzi tələbələr gələcəkdə iş imkanlarını artırmaq məqsədilə magistratura təhsilinə üstünlük verirlər. Təbii ki, bu qərarı iş imkanlarını real şəkildə dəyərləndirərək verənlərin sayı kifayət qədər azdır”.
Bununla belə, son illərdə magistraturaya olan maraq bir qədər azalıb və bu, qəbul ballarında da açıq şəkildə özünü göstərir:
“Dövlət İmtahan Mərkəzi də bunu açıq şəkildə bildirir. Düşünürəm ki, indiyə qədər müşahidə olunan yüksək tələbat daha çox zamanın tendensiyası ilə bağlı idi. Zaman keçdikcə artıq hər kəs başa düşdü ki, magistratura təhsili nədən ibarətdir və hansı məqsədə xidmət edir. İnsanlar hədəflərini daha dəqiq müəyyən etdikdən sonra bu təhsilin onlar üçün nə dərəcədə zəruri olduğunu anlayaraq qərar verməyə başlayıblar”.