Son illərdə magistraturaya qəbulda keçid ballarının getdikcə aşağı düşdüyü müşahidə olunur. Tələbələr artıq əvvəlkindən daha aşağı bal ilə magistratura təhsili ala bilirlər. Bu tendensiyanın səbəbi imtahanların çətinliyi ilə bağlı deyil, plan yerlərinin artması və tələbələrin hazırlıq səviyyəsi ilə əlaqədar olduğu bildirilir.
AzEdu.az-a açıqlama verən elm və təhsil eksperti Səbuhi Abdullayev bildirib ki, əsas səbəb magistratura ixtisasları üzrə plan yerlərinin artırılmasıdır:
“Son iki ildir ki, bəzi ixtisasların keçid balları aşağı düşüb. Bunun əsas səbəbi plan yerlərinin artmasıdır. MBA istiqamətli ixtisasların açılması və həm dövlət, həm də özəl universitetlərdə bu sahə üçün plan yerlərinin kifayət qədər çoxalması ilə bağlıdır. Belə ki, MBA istiqamətli sahələrə müxtəlif ixtisaslar üzrə təhsil almış tələbələr qəbul ola bilər. Əvvəllər isə hər kəs yalnız öz oxuduğu sahə üzrə magistratura təhsili ala bilərdi".
Öz ixtisası üzrə tələbələr keçid balını toplaya bilmədikdə MBA ixtisaslarına üz tutur:
“Biznesin idarə edilməsi (MBA) ilə bağlı ixtisaslar müxtəlif sahələri əhatə edir - təhsil, səhiyyə, mühasibatlıq və s. Öz ixtisası üzrə təhsil almaq istəyən tələbələr keçid balını toplaya bilmədikdə bu sahələrə yönəlirlər. Bu da keçid ballarının aşağı düşməsinə təsir göstərir.
Magistratura imtahanları son 10 ildə əsasən eyni qayda və test bazası üzərində keçirilir. Yeni testlərin sayı məhduddur, buna görə də imtahanların çətinləşməsi müşahidə olunmur. Yalnız 5 ballıq esse yazısı bəzi tələbələr üçün çətinlik yaradır.
Esse yazısı tələbələrin vaxt itirməsinə səbəb olur. Bundan əlavə, xarici dil səviyyəsi tələbələrə yazını düzgün yerinə yetirməyə imkan vermir”, - deyə Abdullayev bildirib.