Keçdiyimiz günlərdə magistratura ixtisas seçiminin nəticələri elan olunub. Müşahidələrimizə əsasən, müsabiqə şərtlərini ödəyən əksər namizədlər magistrant adını qazanıblar. Lakin belə bir sual da ortaya çıxır: bu il magistraturaya qəbul zamanı əvvəlki illərlə müqayisədə daha çox rəqabət müşahidə olundumu?
Mövzu ilə bağlı AzEdu.az-a Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli açıqlama verib.
Onun sözlərinə görə builki qəbul prosesində yalnız ixtisaslara olan maraq deyil, proqramların müddəti və gələcək akademik imkanları da rəqabəti formalaşdıran əsas amillərdən oldu
"Magistratura ixtisas seçiminin nəticələri bu il bir sıra maraqlı meylləri və yeni struktur yanaşmaları ortaya qoydu. İlk baxışda, müsabiqə şərtlərini ödəyən namizədlərin əksəriyyətinin magistrant adını qazanması rəqabətin az olduğu təəssüratını yarada bilər. Lakin məsələni daha dərindən təhlil etdikdə görünür ki, bu il rəqabət yalnız kəmiyyət göstəriciləri ilə yox, həm də keyfiyyət meyarları və seçim strategiyaları ilə fərqlənib.
Namizədlərin daha planlı və realist seçim etməsi onların uğur göstəricilərinə birbaşa təsir göstərdi. Əvvəlki illərlə müqayisədə, bu il tələbələr yalnız arzuladıqları ixtisaslara deyil, həm də reallığa uyğun, qəbul şanslarını artıracaq istiqamətlərə üstünlük verdilər. Bu isə göstərir ki, artıq namizədlər təkcə yüksək reytinqli ixtisaslara deyil, həm də təhsil müddəti, proqramın strukturu və gələcək imkanlar baxımından daha düşünülmüş seçimlər edirlər".
Bu il magistraturaya qəbul prosesi daha planlı, məlumatlı və məqsədyönlü seçimlərlə yadda qaldı
"Ən mühüm dəyişikliklərdən biri isə Dövlət İmtahan Mərkəzi tərəfindən ixtisasların 1.5 illik və 2 illik proqramlar üzrə açıq şəkildə təsnif edilməsidir. Bu yenilik seçim prosesinə daha çox aydınlıq gətirdi. 1.5 illik proqramlar daha çox praktiki yönlüdür, burada diplom işi və ya dissertasiya müdafiəsi nəzərdə tutulmur. Bu isə həmin proqramlar üzrə təhsil alanların gələcəkdə doktoranturaya qəbul imkanlarını məhdudlaşdırır. Eyni zamanda, bu proqramlar daha qısa müddətdə əmək bazarına çıxmaq istəyən şəxslər üçün əlverişli alternativdir".
Elmi-pedaqoji sahədə karyera qurmaq istəyənlər 2 illik proqramlara üstünlük verdilər
"Digər tərəfdən, 2 illik magistr proqramları klassik elmi və nəzəri əsaslara söykənir. Bu proqramlarda diplom müdafiəsi nəzərdə tutulur və məzunlara doktorantura təhsilinə müraciət imkanı yaradır. Məhz bu səbəbdən elmi-pedaqoji sahədə karyera qurmaq istəyənlər 2 illik proqramlara üstünlük verdilər.
Bu ilki qəbul prosesində yalnız ixtisaslara olan maraq deyil, proqramların müddəti və gələcək akademik imkanları da rəqabəti formalaşdıran əsas amillərdən oldu. Beləliklə, rəqabət bu il sadəcə ixtisaslar arasında deyil, proqramların mahiyyəti, müddəti və perspektivləri arasında da müşahidə edildi.
Ümumilikdə, bu il magistraturaya qəbul prosesi daha planlı, məlumatlı və məqsədyönlü seçimlərlə yadda qaldı. Bu isə həm tələbələrin maariflənmə səviyyəsinin artdığını, həm də qəbul sistemində şəffaflığın və sistemli yanaşmanın gücləndiyini göstərir".