2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul üzrə 26241 nəfər bakalavr imtahanlarda iştirak edib. Onlardan 3147 nəfər 0-30 bal aralığında nəticə göstərib. Qalan 23094 nəfər isə 30-100 bal aralığı nəticə qazanıb ki, onlardan da 15526 nəfər (14136 nəfər Azərbaycan, 1390 rus bölməsi üzrə) ixtisas seçimində iştirak edərək seçimlərini təsdiq edib.
Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Elçin (Əfəndi) Əfəndiyev qeyd edib.
O bildirib ki, bu il magistratura səviyyəsi üzrə 16794 plan yeri ayrılıb və onlardan 7014-ü dövlət sifarişi, 9780-i isə ödənişli əsaslarladır: "Faktiki vəziyyəti nəzərə alsaq 1268 yer boş qalır.Onu da qeyd edim ki, ötən illə müqayisədə baxmayaraq ki, 1383 nəfər daha çox müsabiqə iştirakçı olub, amma ötən il ixtisas seçimlərinin təsdiqində 15660 bakalavr iştirak etmişdi. Onlardan 13484 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına ilk turda qəbul olunmuşdu. Qəbul olunanlardan 5996 nəfər dövlət sifarişi, 7488 nəfər isə ödənişli əsaslarla təhsil qazanmışdı".
Bu il 134 nəfər ötən illə müqayisədə daha az bakalavr müsabiqədə iştirak edir
"Yekun olaraq diqqətinizə çatdırım ki, bu il 70 və 75 bal üzərində nəticə əldə edənlər şanslıdırlar. Çünki onlar üçün ballar enəcək, amma nəticəsi 70 baladək olanlarda rəqabət çox olduğu üçün ballarda müəyyən qədər artım gözlənilir. Ötən il 70 bal üzərində nəticə göstərən bakalavr sayı: 2106 nəfərr, bu il 70 bal üzərində nəticə göstərən bakalavr sayı 2019 nəfərdir. Ötən il 30-70 bal aralığı nəticə göstərən bakalavr sayı 20451 nəfər,bu il 30-70 bal aralığı nəticə göstərən bakalavr sayı 21075 nəfərdir.
Müsabiqə nəticələrinin emal-yerləşdirmə prosesi bu gün başa çatarsa bu gün, əks halda sabah elan olunması gözlənilir".