Hər il olduğu kimi, bu il də bakalavrlar magistraturaya qəbul olmaq üçün bilik və bacarıqlarını sınayıblar. Bəziləri üçün əsas məqsəd təkcə qəbul olmaqdırsa, digərləri maksimum nəticə, yəni 100 bal toplamaq uğrunda mübarizə aparırlar.
Bəs, görəsən, ötən günlərdə keçirilən imtahanda 100 bal toplamaq mümkün olubmu?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndiyev bildirib ki, birinci cəhdlə müqayisədə ikinci cəhddə düşən sualların cavablandırılması baxımından bakalavrlar üçün daha əlçatan olub:
“Magistratura üzrə bu il hər iki mərhələ həyata keçirildi. Ümumi nəticələrin 22 iyun tarixinə qədər elan olunması nəzərdə tutulur. Qeyd edim ki, birinci cəhdlə müqayisədə ikinci cəhddə düşən sualların cavablandırılması bakalavrlar üçün daha əlçatan oldu. Bəziləri hətta ikinci cəhddə nəticələrini daha da yaxşılaşdırdılar.
Lakin ümumilikdə bu cəhddə də maksimum nəticə toplanılacağını gözləmirəm. Bəlkə toplayan olsa da, bu, cəmi bir nəfər ola bilər. Çünki artıq yeni qaydaya əsasən ikinci qəbul imtahanı həyata keçirilir.
Yəni bakalavrlar esse yazırlar və bu da öz növbəsində onlara əlavə bal qazandırır. Amma məntiq və ya informatika fənlərində müəyyən xətalara yol verilir ki, bu da maksimal nəticə əldə etməyə mane olur”, - deyə ekspert fikrini yekunlaşdırıb.