Bu il də magistraturaya qəbulun birinci cəhdində maksimum - 100 bal toplayan namizəd olmadı.
Bəs bu, qəbul ballarında enmə və ya yüksəlməyə təsir edə bilərmi? İndidən bunu demək mümkündürmü?
Elm və təhsil eksperti, ixtisas seçimi üzrə mütəxəssis Rizvan Fikrətoğlu AzEdu.az-a açıqlamasında bildirib ki, 100 balın olmaması ümumi nəticələrin aşağı olması demək deyil:
"Magistraturaya qəbul imtahanında 100 bal şərti xarakter daşıyır. Maksimum balı adətən 1 və ya 3-5 nəfər toplayır. Əgər bu il həmin 3-5 nəfər 100 bal toplamayıbsa, bu, ümumi nəticələrin aşağı olması anlamına gəlmir.
Hələ ki, Dövlət İmtahan Mərkəzi bal aralığını (neçə nəfərin hansı interval üzrə bal topladığını) və plan yerlərini açıqlamayıb. Həmçinin ikinci cəhd imtahanı da keçirilməyib. Əgər bu detallar təqdim olunsa idi, ötənilki göstəricilərlə müqayisə aparıb, dəqiq fikir bildirmək mümkün olardı.
Üstəlik, magistraturada bakalavrdan fərqli olaraq, 100-ə yaxın proqram mövcuddur. Hər proqram üzrə plan yerləri və bal intervalları açıqlandıqdan sonra nəticələrin hansı səviyyədə olduğunu demək olar. Buna görə də təkcə 100 bal toplayanın olmamasını əsas gətirərək, qəbul ballarının enib-enmədiyini və ya artıb-artmadığını söyləmək doğru olmaz.
Amma ötən il qəbul ballarında xeyli azalma oldu. Bu il isə bunun təkrarlanacağını gözləmirəm. Əksinə, balların artma ehtimalı var. Plan yerləri tam açıqlanmasa da, keçən illə müqayisədə sənəd verənlərin sayı artıb”.