Magistraturaya qəbul imtahanlarında hər il ölkə birincilərinin ya II, ya da IV ixtisas qrupunun məzunları olduğunu görürük. Hətta bakalavra yüksək balla qəbul olan humanitaryönümlü ixtisas məzunları belə, magistraturada ən yüksək nəticəni göstərə bilmirlər.
Bəs görəsən, tarazlığı qorumaq üçün magistratura pilləsində dəyişikliyə ehtiyac varmı?
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov AzEdu.az-a açıqlamasında bildirib ki, təkcə humanitar ixtisaslara nəzərən yox, ümumilikdə qəbul qaydasında dəyişikliyə ehtiyac var:
“Azərbaycanda keçirilən magistraturaya qəbul imtahanlarında dəyişiklik etmək lazımdır. Beynəlxalq təcrübədə magistraturaya qəbul qaydalarına baxanda görürük ki, artıq magistraturaya qəbulda bakalavr pilləsi kimi ayrıca imtahan keçirilmir. Hətta xaricdə bakalavr pilləsinə qəbulda da fərqlər var, amma hazırkı vəziyyətdə bakalavr pilləsinə qəbulda hansısa dəyişikliyin edilməsi məsələsi çox da aktual deyil, çünki burada sistem kifayət qədər şəffafdır.
Dövlət İmtahan Mərkəzi yeniliklərə açıq qurumdur. Hesab edirəm ki, magistraturaya qəbulla bağlı DİM ictimai müzakirə təşkil edib, təhsil və elm adamlarını dəvət etsə, dəyişikliklər və yeniliklərlə bağlı təkliflər vermək olar. Təkcə humanitar ixtisaslara nəzərən yox, ümumilikdə qəbul qaydasında dəyişikliyə ehtiyac var.
Biz magistratura ilə bağlı beynəlxalq təcrübəni öyrənəndə görürük ki, bu pilləyə qəbul zamanı hər hansısa imtahana ehtiyac duyulmur. Burada bakalavr məzununun həmin ixtisas üzrə əldə etdiyi bilik, ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) əsas götürülür. Eyni zamanda həmin pillədə keçirilən akademik fənlərin uyğunluğu məsələsi önəm daşıyır. Digər tərəfdən, biz nüfuzlu universitetlərə qəbul zamanı müşahidə edirik ki, daha çox xarici dil üzrə beynəlxalq sertfikatı olan bakalavr məzunları magistratura pilləsinə sənəd vermək imkanı əldə edirlər.
Bir çox ölkələrin, eləcə də Türkiyənin təcrübəsində magistratura tədqiqat pilləsidir. Türkiyədə bu pilləyə qəbulun iki forması var. Magistrant gələcəkdə elmi tədqiqat sahəsinə üz tutmaq istəyirsə, bir forma, ixtisasını dərinləşmiş formada öyrənmək istəyirsə başqa yanaşma tətbiq olunur.
Bu yanaşmaların ölkəmizdə tətbiqi çox vacib və faydalıdır. Biz Azərbaycanda magistratura pilləsinə qəbulun bakalavrdan fərqlənməməsini müşahidə edirik. Bu prosesin DİM tərəfindən keçirilməsinin tərəfdarıyam. Çünki DİM indiyə qədər öz etibarını qoruyub. Amma qaydanın dəyişməsi lazımdır".