Xəbər verdiyimiz kimi, magistraturaya qəbul imtahanından ən yüksək bal toplayan ölkə birincisi məlum olub.
Belə ki, o, Bakı Ali Neft Məktəbinin (BANM) informasiya təhlükəsizliyi ixtisasının V kurs tələbəsi Fidan Babayevadır.
F. Babayeva imtahanda 93 bal toplayaraq (essesiz) möhtəşəm nəticə göstərib.
AzEdu bu münasibətlə həmin tələbə ilə əlaqə saxlayıb.
Fidan Babayeva təəssüratlarını bizimlə bölüşüb:
- Fidan xanım, sizi ilk növbədə təbrik edir, təhsil həyatınızda uğurlar arzulayırıq. Özünüzü oxucularımıza daha yaxından tanıda bilərsiniz?
- Diqqətiniz üçün təşəkkür edirəm. Mən Babayeva Fidan Namiq qızı ilk dəfə 2009-cu ildə 220 saylı orta məktəbdə təhsil almağa başlamışam. Lakin daha sonra 2016-2020-ci illərdə orta təhsilimi Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseydə davam etdirmişəm. Elə həmin il Bakı Ali Neft Məktəbinə qəbul oldum.
Orta məktəbdə təhsil aldığım müddət olimpiadalarda da iştirak etmişəm. 2 dəfə (2018-2019-cu illərdə) Avropa Qızlar Olimpiadasında iştirakçılardan biri olmuşam. Bundan əlavə 2018-ci ildə Yeniyetmələr Balkan Riyaziyyat Olimpiadasında iştirak edib bürünc medal qazanmışam. Həmçinin 2019-2020-ci illərdə Respublika Fənn Olimpiadalarından riyaziyyat fənni üzrə bürünc və qızıl mükafata layiq görülmüşəm.
Ali məktəbə I ixtisas qrupu üzrə hazırlaşırdım. 2020-ci ildə BANM-ın İnformasiya təhlükəsizliyi fakültəsinin informasiya təhlükəsizliyi ixtisasına qəbul oldum.
- Magistratura üzrə ölkə birincisi olduğunuzu eşidən zaman nə hisslər keçirdiniz? Ümumiyyətlə yüksək bal toplayacağınızı gözləyirdinizmi?
- Sözün düzü, elə imtahandan çıxdığım andan yüksək bal toplayacağımı gözləyirdim. Çünki imtahan mənim üçün yaxşı keçmişdi. SMS gələn zaman ailəmin yanında idim və elə ilk sevincimi onlarla bölüşdüm. Həqiqətən də çox sevindim. Onu qeyd edim ki, yüksək bal toplayacağımı gözlədiyim üçün mənə çox sürpriz olmadı.
-Nə gözəl. Özünüzə inanırsınız. Bəs essedən də tam bal toplayacağınızdan əminsinizmi?
-Bəli, esseni də yaxşı yazmışam. Buna görə də essedən də tam bal alacağımı düşünürəm.
- Sizə bu yolda uğurlar arzu edirik. II cəhddə iştirak etməyi düşünürsüz?
- Əlbəttə. Hətta düşünürəm ki, II cəhd imtahanından ən yüksək nəticəni, yəni 100 balı toplayaraq ölkə birincisi olacağam.
- Uğurlar, Fidan xanım! Magistratura üzrə təhsil alacağınız ixtisası və universiteti seçmisiniz?
-Əslində, xaricdə elə öz ixtisasım üzrə magistr təhsili almaq istəyirəm. Lakin hər ehtimal burada da şansımı sınadım. İngiltərənin top universitetlərinin birində təhsilimi davam etdirməyi düşünürəm.
- Bəs xarici dil bilikləriniz necədir?
- İngilis dilini yaxşı bilirəm. Bu yaxınlarda İELTS-dən 8 bal toplamışam.
- Gələcəklə bağlı başqa hansı hədəfləriniz var?
- Magistratura təhsilimi bitirdikdən sonra karyerama fokuslanmaq istəyirəm. Ölkəmizin və ya xarici ölkədə ən yaxşı şirkətdə peşəkar mütəxəsis olmağı planlayıram.
- İstərdim magistratura mərhələsinə hazırlıqla bağlı danışaq. Özünüz hazırlaşırsınız, yoxsa kurslara, hazırlıqlara gedirsiniz?
- Bəli, kurslara gedirdim. Lakin bu mənim bakalavr təhsiləmə mane törətməyib.
- Magistraturaya hazırlaşan, gələcəkdə yüksək bal toplamaq istəyən gənclərə nə tövsiyə edərdiniz?
- Məncə hər şey mümkündür. Yəni çox çalışdıqca, özlərinə inandıqca hər şeyi bacarmaq olar. Ona görə də məqsədinizdən heç vaxt dönməyin.