“Azərbaycanda magistratura imtahanının formatı dəyişdirilməlidir”.
Bu fikri AzEdu.az-a açıqlamasında ixtisas seçimi və gələcək karyera üzrə mütəxəssis Ramin Nurəliyev bildirib.
Ekspertin sözlərinə görə, magistraturaya qəbul imtahanının çətinliyi ilə bağlı bakalavrların ciddi narazılıqları olub:
“Tələbələr keçənilki suallara nisbətən builki sualların daha çətin olduğu qənaətindədirlər. Müəllimlərlə apardığımız müzakirələrdə də belə bir nəticəyə gəldik ki, suallar kifayət qədər vaxt aparan idi. Təbii ki, vaxt tələb edən suallar olduğunda bakalavrların ümumi imtahan nəticələrinə təsir edə bilər. Əgər imtahanın çətin olduğu fikri doğrudursa, II cəhd imtahanının asanlaşdırılması vacibdir. Mən hesab edirəm ki, imtahanın formatında əskiklər var.
Məsələn, 100 sualdan 50-si məntiqdən, 25-i informatikadan və 25-i ingilis dilindən tərtib olunur. İndi düşünün, mən humanitar sahə üzrə bakalavr təhsili almış bir şəxsəm, amma 50 sual riyazi məntiqdən, 25 sual isə informatikadan verilir. Bu zaman öz ixtisasımla heç bir əlaqəsi olmayan suallar üzərində düşünürəm. Lakin mənim ixtisasım üzrə heç bir sual soruşulmur. Niyə mən informatikadan imtahan verməliyəm? Doğrudur, beynəlxalq olimpiyadalarda məntiq fənni istifadə olunur, həmçinin digər beynəlxalq imtahanlarda da yer alır. Bəlkə də, bu halda 25 sual məntiqdən, qalan 25-i isə ixtisas fənnindən olsa daha məqsədəuyğun olardı.
Magistratura imtahanında bakalavrlar arasında qeyri-obyektivlik yaranır. Buna görə də məncə, imtahanın sualları 25 məntiq, 25 ixtisas fənni, 25 xarici dil və qalan 25-i isə Azərbaycan dili fənnindən tərtib edilməlidir. Çünki demək olar ki, digər imtahanlarda Azərbaycan dili üzrə suallar tərtib edilir, magistratura imtahanında da bu niyə olmamalıdır? IT və riyaziyyat yönümlü ixtisaslarda bakalavrlar informatika fənni ilə tanış olduqları üçün nəticələri daha yüksək olur, amma humanitar sahə üzrə ixtisaslarda nəticələr aşağı olur.
Düşünürəm ki, bu imtahandan 100 bal toplamaq mümkün olmaya bilər. I cəhddə iştirak edəcək bakalavrlara tövsiyəm odur ki, onlar II cəhd imtahanında da iştirak etsinlər, çünki I cəhd imtahanı bu qədər çətin oldusa, II cəhd imtahanı daha asan ola bilər".