Azedu.az

Bir çox universitetdə magistr təhsili zaman və maliyyə itkisidir

Magistratura

23 Oktyabr 2024, 15:21
Bir çox universitetdə magistr təhsili zaman və maliyyə itkisidir

Bu yaxınlarda Emin Əmrullayev çıxışlarının birində qeyd etdi ki, “bir sıra ixtisasların həm bakalavr, həm də magistraturaya bölünməsinə ehtiyac yoxdur”.

 

Ancaq bu gün ölkəmizdə hər ixtisas üzrə magistr təhsili almaq mümkündür. Mənfi tərəfi isə odur ki, ixtisas üzrə magistraturada keçirilən fənlər bakalavrla eynidir. Bu isə həm maliyyə, həm də vaxt itkisinə səbəb olur.

 

Görəsən, magistratura pilləsi necə təşkil olunmalıdır ki, bakalavrdan fərqlənsin?

 

Mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri AzEdu.az-a açıqlama verib.

 

E.Nuri qeyd edib ki, Azərbaycanda yalnız 10-a qədər universitetin magistratura səviyyəsi bakalavrdan fərqlənir:

 

“Hazırda ali təhsil seqmenti ilə bağlı rastlanan problemlərdən biri magistratura səviyyəsi üzrə tədris prosesinin effektiv təşkil olunmamasıdır. Azərbaycanda 10-a qədər universitet var ki, orada magistratura səviyyəsi üzrə tədris öz faydalılığı və keyfiyyəti ilə bakalavr səviyyəsindən fərqlənir. Ümumiyyətlə “master” dərəcəsi, ali kateqoriya kimi bakalavrdan fərqlənməlidir. Ancaq təəssüf ki, bu fərqlənməni biz bütün universitetlərin təcrübəsində görə bilmirik.

 

İşimiz təhsillə bağlı olduğundan bu problemin əyani şahidi olmuşam. Magistratura təhsili alan gənclərin çoxu vaxt itirdikləri üçün peşman olduqlarını bildirirlər. Halbuki əziyyət çəkərək hazırlaşıb universitetə qəbul olunublar. Təhsil aldıqları müddətdə bir çox problemlərin üstündən xətt çəkmək yerinə, onlara dözməli, bəzi faydalı fürsətləri itirməli olublar.

 

Magistraturada oxuyanların bir çoxu işləyirlər. Hətta bir çox magistrant var ki, onlar təhsilləri naminə işdən və maddi gəlirdən özlərini məhrum ediblər. Amma “Bu məhrumiyyətə dəyirmi?” sualını ünvanladıqda, çox vaxt neqativ cavablar almışam…

 

Ölkəmizdəki magistratura səviyyəsi ilə bağlı iki müsbət məqamı qeyd etmək olar. Birincisi, dövlət qulluğuna qəbul imtahanında magistratura diplomunun əvvəllər olduğu qədər vacib hesab olunmaması (müəyyən hallarda üstünlük verən sənəd kimi qəbul olunur). İkincisi isə bir çox universitetlərdə axşam növbələrinin mövcudluğu müsbət hallar sırasındadır”.

 

“Bir neçə universiteti çıxmaq şərti ilə qalan universitetlərdə magistratura zaman və maliyyə itkisidir”, -deyə STM-nın sektor müdiri vurğulayıb:

 

“Magistratura təhsilindən imtina etmək olmaz. Ən azından ona görə ki, bu akademik pillənin ilk mərhələsi hesab olunur. Bakalavr səviyyəsi əmək bazarına kadr hazırlamaq üçün olduğu halda, magistratura sahə üzrə “Ustad dərəcə”, akademik karyera üçün pillə hesab olunur.

 

Dünyada bununla bağlı bir çox təcrübələr var. Xaricdə universitetlər tədqiqat istiqaməti ilə hərəkət edirlər. Belə ki, daha çox tədqiqat layihələrinin hazırlanması və qrup şəklində həmin layihələr üzərində işbirliyinə daha çox önəm verilir, nəinki standart dərslər, klassik seminarlara.

 

Magistratura tədqiqat layihələrinin hazırlanması, onun innovativliyinin təmin edilməsi təhsil səviyyəsinin nüfuz və faydalılığını artıran meyardır. Çünki mütləq nəzəri biliklər magistraturada praktiki cəhətdən həyata keçirilməldir.

 

Ola bilsin ki, tədqiqat layihələri bəzi ixtisaslara uyğun gəlmir. Amma yenə də dövrün ali təhsil tələbi qrup işlərinə, işbirliklərinə ehtiyac duyur, çünki qrup işlərində liderlik keyfiyyəti, komanda ilə iş, ünsiyyət bacarığı, proseslərin zəncirvari əlaqələndirilməsi, məntiqi nəticəyə varılması, bir neçə nəfər tərəfindən perspektivlərin birlikdə dəyərləndirilməsi kimi böyük keyfiyyətlər ortaya çıxır. Bu gün bizim təcrübəmizdə bunlardan zəif istifadə olunur”.

 

Müsahibimiz bildirib ki, magistraturada seminar və mühazirə metodundan uzaqlaşmalıyıq:

 

“Magistrant ustad kateqoriyasına doğru irəliləyən şəxs olmalıdır. Ondan “nəyi?” yox, “niyə?” sualı tələb olunmalıdır. O, ixtisası ilə bağlı “nə?”, “kim?”, “harada?” suallarına bakalavrda yarı pis, yarı yaxşı cavab verib, amma indi o şəxs həmin cavabları data kimi özündə daşımalı, “niyə?” sualı üzərində tədqiqi və tətbiqi bacarıqlarını inkişaf etdirməlidir. Bu günün magistrantından dərs soruşmaq, onu xəyali zaman maşını ilə ən azı 4 il geriyə aparmaq deməkdir.

 

Magistrant dərslik müəllifini özünə respondent kimi götürməli, onun yazdıqlarını analiz edərək, öz fikirlərini də bildirməlidir. İnteraktiv seminarlar buna sərf olunmalıdır. Həmçinin, magistratura səviyyəsində mentor dəstəyinə ciddi ehtiyac var. Mentor dəstəyi təkcə hər hansısa yarışma, müsabiqə olanda yox, magistraturanın sonuna qədər davam etməlidir.

 

Tədris olunan dərslərdən əlavə, seçilmiş bir neçə tələbə üçün mentor ayrılmalıdır. Həmin mentor onlarla müəllim kimi deyil, təcrübəli dost kimi davranmalıdır. Bu kimi yanaşmaları magistratura pilləsinə tətbiq etməklə onu zaman və maliyyə itkisindən uzaqlaşdıra, bakalavr pilləsindən fərqləndirə və keyfiyyətini artıra bilərik”, - deyə E.Nuri fikrini yekunlaşdırıb.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox