Magistratura imtahanlarında ixtisas fənninin olmaması, müasir təhsil sistemində mübahisəli bir məsələlərdən biridir. Bir çoxları tərəfindən qeyd edilir ki, təhsil sisteminin daha ədalətli, effektiv və müasir tələblərə cavab verən bir formaya keçirilməsi üçün magistaruraya qəbulda ixtisas fənlərinə də yer verilməlidir.
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən elm və təhsil eksperti Rizvan Fikrətoğlu qeyd edib ki, magistarturaya qəbul imtahanlarında ixtisas fənlərinin olması təqdirəlayiq olardı:
“Magistratura imtahanları standart olaraq məntiq, informatika və xarici dil fənlərindən keçirilir. Lakin humanitar sahənin keçid ballarının daha yüksək olması ilə bağlı mənfi hallar mövcuddur. Dəqiq elmlərin keçid balı 40-45, humanitaryönümlü ixtisaslaşmalar üçün isə 50 baldır. Bu, humanitar fənlərə meylli tələbələrin dəqiq elmlərə hazırlaşmasını xeyli çətinləşdirir.
Əvvəllər magistratura imtahanları iki mərhələdən ibarət 150 ballıq sistem üzrə həyata keçirilirdi. Burada 100 bal 3 fəndən, 50 bal isə ixtisas fənnindən toplanılırdı. Sonradan ixtisas imtahanı ləğv edildi. Buna əsas səbəblərdən biri sualları hazırlayan ekspertlərin çatışmazlığı idi. Spesifik olduğu üçün ixtisas fənlərindən sualları hazırlayanlar adətən universitet müəllimləri olurdu. Hətta elə ixtisaslaşma olurdu ki, suallarını hazırlayan müəllim tapmaq olmurdu və ya 1 mütəxəssis xahiş-minnətlə razılaşırdı. Bəzi ekspert-müəllimlət isə sualları necəsə sızdırır, nəyinsə qarşılığında paylaşır, onun yanında hazırlaşan bakalavrlara verirdi. Bu isə Dövlət İmtahan Mərkəzinin imicinə zərər vurduğuna görə ixtisaslaşma imtahanının ləğvinə səbəb olan hallardan biri idi. Təbii ki, bu, optimal çıxış yolu deyildi”.
Ekspert vurğulayıb ki, təhsildə sərtləşmə yox, əksinə yumşaltma tədbirləri həyata keçirilməlidir.
“Magistraturanı bu qədər qəlizləşdirməkdən nə əldə olunur? Bakalavr dərəcəsini bitirib, təhsilini davam etdirmək istəyən tələbələr üçün niyə əngəllər yaradılmalıdır? Bu proseslərin hər biri kurslar və repetitorlar üçün gəlir mənbəyinə çevrilir. Ümumiyyətlə, magistratura ilə bağlı yeni model düşünülməlidir. Magistraturaya qəbul şərtləri ilə razılaşmaq mümkün deyil”.
R. Fikrətoğlu qeyd edib ki, universitetlərə müstəqillik verilməli, magistatura ilə bağlı konsepsiyalar irəli sürülməlidir:
“Tələbələr yalnız 3 fəndən imtahan verərək deyil, müəyyən uğurlarına görə də magistraturaya qəbul edilə bilər. Məsələn, bakalavrı qırmızı diplomla bitirənlər imtahan vermədən ixtisası üzrə magistraturada təhsilini davam etdirə bilməzmi? İxtisasından asılı olmayaraq hər kəsin 3 fəndən imtahan verməsini məqbul saymıram. Dövlət İmtahan Mərkəzi (DİM) bu yolu öz işini asanlaşdırmaq üçün seçib. Hesab edirəm ki, magistraturanı əhatə edən konsepsiyanın mütləq şəkildə dəyişdirilməsi vacibdir”.