2019-cu ildə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməsi nəzərdə tutulan magistraturaya qəbul imtahanlarının tarixləri müəyyən olunub.
Belə ki, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının I mərhələsi fevralın 24-də, II mərhələsi mayın 26-da keçiriləcək. Tarixdən də bəlli olduğu kimi, imtahana, təxminən, 1 ay vaxt qalıb. Tələbələrin bir qismi isə gündəlik iş rejimi və digər üzrlü səbəblərdən imtahana son 1 ay qalanda hazırlaşmağa başlayırlar. Bəs belə olan halda onlar keçid balını toplayaraq imtahandan keçmək üçün nə etməlidirlər?
Məntiq-informatika müəllimi, magistratura pilləsi üzrə təlimçi Rəşadət Şərifov AzEdu.az-a açıqlaması zamanı bildirib ki, belə olan halda fənlər üzrə qısa qaydaları öyrənmək lazımdır:
“Dərin düşünməyi tələb etməyən testləri işləmək kifayətdir. Bir mövzu üzərində günlərlə baş sındırmaq lazım deyil. Çalışmaq lazımdır ki, bütün mövzulardan anlayışlı olsunlar.
Və ən əsası bir mövzudan 100-lərlə test işləmək əvəzinə, hər mövzudan 40-50 test həll etmək daha faydalı olar. Bu, hər 3 fənnə aiddir.
R.Şərifov, həmçinin, sual sayının daha çox olduğu bölmələri də qeyd edib:
“Məntiqdən ən çox sual bu mövzulardan düşür: Şəkillər, analogiyalar, mətnin məntiqi təhlili”.