Ötən gün “Azərbaycan müəllimi” ilə AzEdu.az Təhsil Portalının birgə keçirdiyi "İlin Gənc Müəllimi-2023" müsabiqəsinin qaliblərinin təltif olunması mərasimi keçirilib.
Ölkənin müxtəlif bölgələrindən qalib olan iştirakçılar toplaşaraq Şuşaya- Mədəniyyət paytaxtımıza yola düşüblər. “İlin gənc müəllimləri” burada Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə diplomla təltif olunublar.
Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəbin texnologiya müəllimi Dünya Veysəlova Şuşa təəssüratlarını AzEdu.az-a bölüşüb:
"Tarixi torpaqlarda, Azərbaycan müəlliminin səsi"
"Biz bilirik ki, Şuşa Azərbaycanın qədim tarixə malik olan şəhər mədəniyyətinin nadir və təkrarsız incilərindən biridir. İlk dəfə "İlin Gənc Müəllim"i müsabiqəsinin qaliblərinin təltif mərasimi Şuşa şəhərində keçiriləcəyini eşidəndə bu xəbərin mənə yaşatdığı sevinc, kədər və qürur dolu qarışıq hisslər tuğyan etməyə başladı. Səbirsizliklə o günü gözləməyə başladım...
Bəli, o gün artıq gəlib çatdı. Biz müəllim həmkarlarla Şuşa şəhərinə doğru yol aldıq. Yol boyu müəllimlərin bir-biri ilə Qarabağ torpağlarının nə qədər gözəl olduğunu davamlı şəkildə dilə gətirib, təqdimatımızın Şuşa şəhərində keçirilməsi münasibətilə öz minnətdarlıqlarını təşkilatçılara bildirdik.
Çox həyəcanlı idik. Axı bizim üçün canlarından keçən şəhid qardaşlarımızın bizə qaytardığı torpaqda təltif olunmaq qürur hissi bəxş edirdi. Yol boyu diqqətlə izlədiyim nəqliyyatın belə çətinliklə qalxdığı yüksəkliyə Azərbaycan əsgəri necə də cəsarət, hünərin, mərdlik və qəhrəmanlığın göstərib düşmənlərdən torpağımızı azad ediblər. Torpağın üzərində addım atılan zaman insan ürəyi necə çırpınır, axı şəhidlərimizin qanı axıb. "Ruhu öldürmək, cismi öldürməkdən daha ağır olurmuş" bu söz öz doğruluğunu bir daha sübut etmiş oldu. İllərlə bü günün gec-tez reallaşacağını hamımız ümid edirdik. Biz Azərbaycanın güclü ordusu sayəsində buna nail olduq. Azərbaycan Xalqı, Qalib Xalqdır! Bizlərdə Qalib Xalqın, Qalib müəllimləri!
Çox sevincliyəm, bu hiss, bu duyğu bütün sözlər qarşısında aciz qalır. Bu sizin, bizim ümumi Azərbaycan xalqının sevincidir.
Bizim üçün bu gözəl günü unudulmaz, tarixə yazılan məkanda, Şuşa şəhərində əbədiləşdirən hörmətli AzEdu Təhsil Portalının rəhbərliyinə və komandasına öz dərin təşəkkürümü bildirirəm!".