Düşünürəm ki, Azərbaycan təhsilində bir sıra sahələr var ki, onların islahatına ciddi ehtiyac var. Bu ıslahatlardan biri də kolleclərlə bağlıdır. Təəssüf ki, bu sahədə vəziyyət hələ tam düzəlməyib.
Bu fikirləri deputat Ceyhun Məmmədov AzEdu.az-a açıqlamasında bildirib.
"Əslində, illər əvvəl kolleclər universitetlərin nəzarətinə verilib ki, onlar bu müəssisələrin fəaliyyətini tənzimləsin və inkişaf etdirsinlər. Bəzi universitetlər bu məsələyə ciddi yanaşsa da, bəziləri kifayət qədər diqqət göstərmir. Nəticədə, hələ də bəzi kolleclərdə problemlər davam edir.
Bugün müşahidə edirik ki, kolleclər daha çox neqativ hallarda gündəmə gəlir. Eyni zamanda yalnız direktorların vəzifədən azad edilməsi ilə məhdudlaşan tədbirlər görülür. Düşünürəm ki, kolleclərin proqramlarını yenidən nəzərdən keçirmək lazımdır. Dərs saatları və tədris planları düzgün işlənməli, təhsilin keyfiyyəti artırılmalıdır.
Ümumilikdə, araşdırılmalıdır ki, kolleclərin bu formada fəaliyyət göstərməsinə ehtiyac varmı, yoxsa yeni yanaşmalar tətbiq olunmalıdır. Biz hansı addımları atmalı, hansı işlərdən isə çəkinməli olduğumuzu müəyyən etməliyik. Bu istiqamətdə ciddi düşünərək, işlərimizi düzgün planlamalıyıq".