“Kanada kolleclərində dərs sisteminin 50%-i stajlardan ibarətdir. Bu da kolleci bitirən tələbələrin iş tapmaq imkanını yüksəldir”.
Bu sözləri AzEdu.az-a açıqlaması zamanı xaricdə təhsil məsələləri üzrə mütəxəssis Həsən Əliyev deyib. O bildirib ki, Kanadada kolleclər tələbə qəbulunu universitetlər qədər həyata keçirir:
“Kolleclərin üstün cəhətləri həm peşəyönümlü, həm də bakalavr təhsil verməsidir. Kanadada 2+2 proqramı vasitəsilə tələbə iki il kollec, bir o qədər də bakalavr təhsili alaraq, bakalavr diplomuna sahib olur. Hətta bəzi kolleclərin reytinqli universitetlərlə müqaviləsi olduğu üçün tələbələr sonuncu iki kursu bu ali təhsil müəssisələrində oxuyaraq diploma sahib olurlar”.
Ekspertin sözlərinə görə, Kanada kolleclərində oxuyan tələbələr dərsləri daha praktiki sahədə keçirlər:
“Kanada kolleclərini universitetdən fərqləndirən xüsusiyyəti də ondan ibarətdir ki, tələbələr dərsləri daha praktiki sahədə keçirlər. Hətta bir çox kolleclərdə dərs sisteminin 50%-i stajlardan ibarətdir. Bu daha sonra tələbələrin iş tapmaq imkanını yüksəldir. Burada kolleclərin tək mənfi cəhəti ondan ibarətdir ki, əcnəbi tələbələr viza almaqda çətinliklərlə üzləşə bilərlər. Buna görə də tələbələr kollec seçərkən təcrübəli təhsil məsləhətçisinin tövsiyəsini almalıdırlar.
Kanada kolleclərində təhsil haqqı 17000 AZN-dən başlayır. Orada aylıq yaşayış üçün xərclər 600-900 dollar arasındadır”.