Müasir dövrdə təhsil sisteminin səmərəliliyi, ilk növbədə, keyfiyyətli müəllim hazırlığından asılıdır. Müəllim peşəsi yalnız fənn biliklərini ötürmək deyil, həm də gələcək nəsilləri formalaşdırmaq missiyası daşıyır. Bu səbəbdən müəllimlərin peşəkar hazırlanması hər bir ölkə üçün strateji əhəmiyyət daşıyır. Keyfiyyətli təhsil isə, ilk növbədə, peşəkar və hazırlıqlı müəllimlərdən asılıdır. Vaxtilə müəllimlərin hazırlığına töhfə verən təhsil pillələrindən biri də kolleclər olub. Lakin aparılan təhlillər göstərir ki, bir çox kollecdə müəllim hazırlığı arzuolunan səviyyədə aparılmayıb. Kollec məzunu olan müəllimlərin sertifikasiya imtahanlarındakı nəticələri də aşağıdır. Bu səbəbdən də bir müddətdir kolleclərdə "Müəllimlik" ixtisası üzrə hazırlıq dayandırılıb.
Bu sahədə problemlərin olduğunu elm və təhsil naziri Emin Əmrullayev də etiraf edib. Nazir bildirib ki, vaxtilə kolleclərdə aparılan müəllim hazırlığının mənfi nəticələri indi hiss edilir: “Müəllimlərin sertifikasiya imtahanlarının nəticələri vaxtilə kolleclərdə təhsil almış müəllimlərin nəticələrinin aşağı olduğunu göstərir. Bu səbəbdən kolleclərdə müəllim hazırlığı dayandırılıb”.
Bəzi hallarda kolleclərə müəllimlik ixtisası üzrə daxil olan tələbələr bu sahəyə maraq və istək əsasında yox, məcburi seçim nəticəsində yönəlirlər. Onların müəllimlik peşəsinə olan münasibəti, şəxsi inkişaf istəkləri və məsuliyyət hissi zəif olur. Bu isə ümumi təlim keyfiyyətinə mənfi təsir göstərir.
Mütəxəssislərin fikrincə, bir çox kollecdə istifadə olunan tədris proqramları müasir pedaqoji yanaşmaları və texnologiyaları əhatə etmir. Nəticədə tələbələr daha çox nəzəri biliklərə yiyələnir, lakin praktik bacarıqlar formalaşmır. Ənənəvi tədris üsullarından imtina edilməməsi, innovativ metodların tətbiq edilməməsi müəllim hazırlığını zəiflədir. Kolleclərdə dərs deyən müəllimlərin bir qismi pedaqoji cəhətdən kifayət qədər hazırlıqlı deyil. Bəzi müəllimlər uzun illər eyni proqramla işləyir və ixtisasartırma kurslarına qatılmayıb. Yəni kollec müəllimlərinin ali məktəb müəllimləri ilə müqayisədə bütün "elmi-təhsil parametr"lərdə geridə qalması şübhəsiz kollec məzunlarının da təhsil keyfiyyətinə təsirsiz qalmır. Əsas səbəblərdən biri də kolleclərin maddi-tədris bazasının zəif olmasıdır. Müasir texnologiyalardan, yeni təlim metodlarından xəbərsiz olmaları tələbələrin də hazırlıq səviyyəsinə mənfi təsir göstərir.
Təhsilin keyfiyyətli təşkili üçün texniki avadanlıqlar, müasir sinif otaqları və tədris vasitələri vacibdir. Lakin bir çox kollecdə bu imkanlar məhduddur. İnteraktiv lövhələr, kompüter otaqları, simulyasiya laboratoriyaları və praktik məşğələlər üçün avadanlıqlar ya yoxdur, ya da istifadəyə yararsız haldadır. Qeyd edək ki, hazırda Azərbaycanda 58 orta ixtisas təhsili müəssisəsi - kollec var. Bunlardan 57-si dövlət, 4-i isə qeyri-dövlət – özəl təhsil müəssisəsidir.
Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, görünən odur ki, orta ixtisas təhsil müəssisələri və kolleclərdə kadr hazırlığı yüksək səviyyədə həyata keçirilmir: "Konkret göstəricilərə baxanda kollec məzunlarının keyfiyyət göstəricilərinin aşağı səviyyədə olduğu görünür. Kolleclərin məzunları əmək bazarının tələblərinə cavab vermir. Ona görə də onların işlə təminatı aşağı səviyyədədir. "Təhsil haqqında" Qanuna edilən dəyişikliklərdən sonra insanlar kollec təhsilinə meyl edəcək. Ölkədə təhsilin əlçatanlığı və əhatə dairəsinin genişləndirilməsi üçün islahatlar aparılmalıdır. Bir çox texniki ixtisaslar var ki, onlar üçün kadr hazırlığını peşə təhsili müəssisələrində həyata keçirmək daha məqsədəuyğun olardı".
Ekspert hesab edir ki, əmək bazarında ehtiyac olan ixtisasların kolleclərə gətirilməsindən sonra bu addım gənclərin orta ixtisas təhsili ilə əhatəolunma səviyyəsini artıra bilər. Bunun üçün orta ixtisas təhsili müəssisələrinin mövcud vəziyyəti araşdırılmalı, onların infrastruktur, maddi-texniki baza, müəllim-pedaqoji heyətinin potensialının qiymətləndirilməsi aparılmalı və müasir standartlar səviyyəsinə gətirilməlidir: "Bildiyimiz kimi, orta ixtisas təhsili müəssisələri xidmət sahələri üçün kadr hazırlığı işini həyata keçirir. Təbii ki, söhbət keyfiyyətli kadrlardan gedir. Amma hazırda fəaliyyət göstərən bəzi kolleclərdə təhsilin keyfiyyəti heç də qənaətbəxş deyil. Məsələnin digəri tərəfi isə məzunların gələcəkdə iş problemidir. Yəni hazırda orta ixtisas təhsili müəssisələrinin bəzilərinin diplomları tanınmır. Bu amil isə sonda tələbənin iş tapa bilməsində əngəllik yaradır. Bir zamanlar orta ixtisas kadrlarına böyük ehtiyac var idi. O vaxtı ali məktəblər kifayət qədər kadr hazırlamırdılar. Sonradan beynəlxalq təhsil sisteminə inteqrasiya etdikdən sonra təhsilin pillərində müəyyən dəyişiklik əmələ gəldi. Ali məktəbləri iki hissəyə - bakalavr və magistratura pillələrinə böldülər. "Təhsil Qanunu"na əsasən bakalavr peşə ixtisası, magistr pilləsi isə elmi ixitsas verir. Amma hazırda əmək bazarında bakalavrdan çox magistrlara üstünlük verilir. Yəni bu gün bəzən bakalavrların işlə təmin olunmasında problemlər yaranır. Bu fonda kollec təhsili üçüncü dərəcəli kimi görünür. Sovet dövründə qiyabi, axşam məktəbləri var idi. Çünki buna tələb, ehtiyac vardı. İndi isə dövr dəyişib. Nəzərə alaq ki, qiyabi, axşam təhsilinin keyfiyyəti formal xarakter daşıyır. Artıq qiyabi təhsil üzrə bəzi fakültələrin bağlanması, eyni zamanda distant təhsilə keçid nəzərdə tutulub. Yəni bu problem elmi-texniki tərəqqinin inkişafı, dünya təhsilinə inteqrasiya ilə bağlı olan məsələdir. Ümumiyyətlə, dövrümüzdə orta ixtisas təhsilinə ehtiyac azalıb. Orta ixtisas təhsilli iş sahələri azdır. Buna görə də həmin şəxslər iş tapmaqda çətinlik çəkirlər. Düzdür, müəyyən orta ixtisas peşə təhsilinə böyük ehtiyac var. Amma optimallaşdırma, rasionallaşdırma baxımından idarəetmədə təkmilləşdirmə işləri aparılmalıdır. Onu da deyim ki, şirkətlər tərəfindən həmin təhsil müəssisələrinin diplomları qəbul edilmir. Ona görə də orta ixtisas təhsil müəssisələrinin diplomları ilə işə qəbul yox dərəcəsindədir. Yəni orta ixtisas təhsil müəssisələrinin diplomlarına etimad yoxdur. Sözsüz ki, kolleci bitirmiş ilə ali məktəbi bitirmiş şəxs arasına fərq olmalıdır. Amma bu ildən etibarən "Təhsil Haqqında" Qanuna edilmiş dəyişikliyə görə, kollec məzunları imtahansız, müsabiqədən kənar ali məktəblərə qəbul olacaq ki, bu da gənclərin kolleclərə marağını artıracaq".
Kamran Əsədov deyir ki, kollec təhsili Azərbaycanda dəyər və tutum kəsb etmir: "Kolleci bitirən tələbələrin ali məktəblərə daxil olmalarına keçid həyata keçirilsə də, kollec təhsilinin keyfiyyətində ciddi dəyişiklik görmürük. Əsas məsələ kollec məzunlarının işlə təminatı ilə bağlıdır. Kollec məzunlarının işlə təminatı həddindən artıq çətin prosesdir. Əmək bazarında kollec məzunlarına çox az yer verilir. Kolleclərin universitetlərin nəzdinə verilməsi də kollec təhsilinin keyfiyyətini yaxşılaşdırmadı. Əksinə, asılılığı artırdı. Sovet dövrünün texnikum modeli davam edir. Nə müəllim heyətinin keyfiyyətində, nə maddi-texniki bazada, nə də kollec təhsilinin qiymətləndirilməsi istiqamətində hər hansı addım atılıb. Ona görə də oğlanlar bu təhsilə üz tutmurlar. Bakı Neft-Energetika, Maliyyə-İqtisad kollecləri var ki, bu kolleclər oğlanlar üçün maraq kəsb edə bilər. Lakin buranı bitirən məzunların işlə təminatında problem yarandığı üçün onlar bu tipli təhsil müəssisələrinə üz tutmurlar".
Dünyanın bir çox ölkəsində kolleclərin əksəriyyəti ali məktəblərin nəzdində yerləşir, məzunlar ali məktəbin bu və ya digər pilləsində təhsil almaq üçün hazırlanırlar. Ölkədə kollec məzunlarının bilik səviyyəsi çox aşağıdır. Hətta monitorinq aparılanda üzə çıxdı ki, pedaqoji kolleclərin məzunları müəllimlərin işə qəbulu imtahanında müsbət nəticə göstərə bilmir.
Təhsil ekspertinin fikrincə, bəzi ixtisaslı kolleclər bağlanmalıdır: “Məsələn, maliyyə ixtisası üzrə kolleclərin olmasına ehtiyac yoxdur. Azərbaycan Dövlət İqtisad Universitetinin profili kifayət qədər genişləndirilib. Digər ali məktəblərdə də iqtisadiyyatın müəyyən sahələrində mütəxəssislər hazırlanır. Bundan başqa, pedaqoji ixtisaslar ümumiyyətlə kolleclərdən çıxarılmalıdır. Çünki ali təhsil məssisələrində bu ixtisaslar üzrə yetərincə kadr hazırlığı həyata keçirilir. Kolleclərdə pedaqoji ixtisaslar üzrə həyata keçirilən kadr hazırlığı çox aşağı səviyyədədir. Yerdə qalır digər əmək tələbatına dair ixtisaslar. Orda da mütəxəssis hazırlığı aşağı səviyyədədir. Kolleclərə ayrılan vəsaitləri peşə məktəblərinə yönəltmək lazımdır. Ən dəhşətlisi budur ki, bugünə qədər kolleclərdə təhsilin keyfiyyəti qiymətləndirilməyib. Kolleclərin akkreditasiyası obyektiv şəkildə aparılmayıb. Təhsil Nazirliyinin nümayəndələri iddia edə bilərlər ki, o kolleclər akkreditasiyadan keçib? Xeyr, kolleclərin o şəkildə qeydiyyata alınması saxta hesab olunmalıdır. Obyektiv akkreditasiya olsa bir neçə ixtisasın fəaliyyəti dayandırılmalı idi. Ya bu kolleclər ali məktəblərə inteqrasiya olunmalıdır, ya da kolleclərin əksəriyyəti bir kollec şəklində birləşdirməlidir. O şəkildə inkişaf etməlidir ki, onun məzunları ilə ali məktəb məzunları arasında rəqabət olsun. Digər tərəfdən, kolleclərin maddi-texniki bazası və kadr potensialı olduqca zəifdir. Onlar əmək bazarının tələblərinə və müasir standartlara cavab vermir".
Təhsil tədqiqatçısı Elmin Nuri qeyd edib ki, bir vaxtlar məktəblərdə çalışan müəllimlərin az qala yarısı kollec məzunları idi: “Biz onların bir çoxunun fəaliyyətini uğurlu hesab edir və ali təhsil almamalarını neqativ hal kimi qiymətləndirmirik. Amma reallıq budur ki, bu gün kolleclər faydalılıq baxımından müsbət mənzərə ortaya qoya bilmirlər. Onlar praktik yönümlülük baxımından da peşə tədris müəssisələrindən geri qalırlar. Belə bir şəraitdə pedaqoji ixtisasların keyfiyyətli tədrisi mümkün deyil. Hazırda kolleclərdə yalnız texnologiya müəllimliyi, ailə-ev təhsili və inklüziv təhsil kimi sahələr üzrə hazırlıq aparılır. Nə yaxşı ki, əsas fənlər üzrə müəllim hazırlığı bu gün yalnız ali məktəblərdə həyata keçirilir. Universitet mühiti bu istiqamətdə daha səmərəli və keyfiyyətli mütəxəssis hazırlamaq potensialına malikdir”.
Təhsil eksperti Məzahir Məmmədlinin dediyinə görə, kolleclərdə tədrisin səviyyəsi, məzunların bilik və bacarığı günün tələblərinə cavab vermir: “Kolleclər bir vaxtlar ən dəbdə olan təhsil pillələrindən biri idi. Lakin sonralar Boloniya sisteminə keçməyimiz, təhsilin hamı üçün əlçatan olması siyasəti ilə bağlı ali məktəblərdə keçid ballarının aşağı düşməsi, hətta 150-200 balla qəbul aparılması vəziyyəti dəyişdi. Qeyd etdiyim kimi, bir zamanlar ümümitəhsil məktəblərində ibtidai sinif müəllimlərinin və kənd təsərrüfatı işçilərinin əsas heyətini kollec məzunları təşkil edirdi. Araşdırmalarım onu göstərir ki, Elm və Təhsil Nazirliyinin müəllimlərin sertifikasiyası ilə bağlı keçirdiyi imtahanlarda ən az nəticə göstərənlər məhz region kolleclərindən məzun olan prdaqoqlardı”.
Nərmin Qarazadə