Azedu.az

1-ci qrupu seçənlərin DİQQƏTİNƏ: Bu ixtisaslarda kəskin rəqabət gözlənilir!

Kolleclər

İmtahanlar

Tələbə və şagird

Universitetlər

6 May 2025, 10:02
1-ci qrupu seçənlərin DİQQƏTİNƏ: Bu ixtisaslarda kəskin rəqabət gözlənilir!

Bu il I ixtisas qrupu üzrə qəbul imtahanlarında ciddi rəqabət müşahidə olunacaq. Xüsusilə də bu günün tələblərinə uyğun olan süni intellekt və digər texnoloji ixtisasların məhz bu qrupda yer alması rəqabəti daha da artırır.

 

Maraqlıdır, abituriyentlər arasında süni intellekt və texnoloji yeniliklərə aid olan ixtisaslara  bu qədər marağın artması gələcəkdə digər ixtisas sahələrinin arxa planda qalmasına səbəb ola bilərmi?

 

AzEdu.az-a mövzu ilə balı  Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru, Kamran Əsədov danışıb.

 

Onun sözlərinə görə bu il I ixtisas qrupu üzrə abituriyentlərin marağında kəskin dəyişiklik müşahidə olunur və bu dəyişiklik birbaşa əmək bazarındakı transformasiyalarla bağlıdır.

 

“Süni intellekt, proqramlaşdırma, kiber təhlükəsizlik, məlumat analitikası, kompüter mühəndisliyi və avtomatlaşdırılmış sistemlərə olan tələb dünya üzrə olduğu kimi Azərbaycanda da sürətlə artır. Bu ixtisasların perspektivliyi, yüksək gəlir imkanları və qlobal miqyasda rəqabət üstünlüyü yaratması abituriyentlərin bu sahələrə meylini gücləndirib. Nəticə olaraq 2025-ci il qəbul imtahanlarında xüsusilə bu istiqamətlərdə kəskin bal artımı gözlənilir”.

 

“Xüsusilə süni intellekt və “Data Science” kimi sahələr üzrə UNEC, Bakı Ali Neft Məktəbi, Bakı Mühəndislik Universiteti və ADA Universiteti kimi ali məktəblərdə mövcud olan proqramlara maraq kütləvidir”, - deyə ekspert qeyd edib:

 

“Bu proqramların bəziləri 650+ bal tələb edəcək qədər prestijli mövqeyə sahibdir. Məsələn, ADA-nın Kompüter Elmləri və Süni İntellekt üzrə proqramlarında əvvəlki illə müqayisədə 20-40 bal arası artım gözlənilir. Eyni şəkildə Bakı Ali Neft Məktəbində Neft Mühəndisliyindən çox artıq Kompüter və Proqram mühəndisliyi üzrə yerlərə axın müşahidə olunur.

 

Bu tendensiyanın müsbət tərəfi odur ki, Azərbaycan ali təhsil sistemi qlobal tələblərlə ayaqlaşmağa başlayır. Əmək bazarının rəqəmsallaşması fonunda bu sahələrin inkişafı strateji əhəmiyyət daşıyır. İT və texnologiya sahəsinə olan maraq həm təhsil sistemində yenilənmələrə səbəb olacaq, həm də ölkənin rəqəmsal suverenliyi və texnoloji müstəqilliyi baxımından vacib rol oynayacaq.

 

Lakin bu marağın birtərəfli artması, digər ixtisasların – xüsusilə də fundamental elmlər, humanitar fənlər və pedaqoji istiqamətlərin arxa plana keçməsi kimi bir təhlükə də yaradır. Artıq bir neçə ildir ki, Riyaziyyat, Fizika, Kimya kimi klassik ixtisaslara qəbul balı aşağı düşməkdədir. Tarix, Filologiya, Coğrafiya, Biologiya kimi sahələr isə ya yalnız II və ya III qrupda tədris olunur, ya da ümumiyyətlə gənclər tərəfindən “sərfəli” hesab edilmir. Bu isə gələcəkdə ölkədə elmi tədqiqatların zəifləməsi, müəllim çatışmazlığı və dil-ədəbiyyat sahəsində keyfiyyətin enməsi ilə nəticələnə bilər”.

 

Müsahibimiz qeyd edib ki, digər bir təhlükə ondan ibarətdir ki, texnoloji ixtisaslara olan maraq çox zaman dəb, reputasiya və gəlir amili ilə bağlıdır, lakin bu sahələrin real çətinliyi və texniki tələbləri nəzərə alınmır:

 

“Bir çox abituriyent yüksək bal toplamaqla bu sahəyə daxil olsa da, 1–2 ildən sonra peşmanlıq yaşayır, çünki proqramlaşdırma, alqoritmlər və süni intellekt üzrə təhsil aldıqları müddətdə zəif təməl biliklər ciddi maneəyə çevrilir. Bu da həmin sahədə kadr keyfiyyətinə təsir göstərir.

 

Müqayisəli baxsaq, Almaniya, Finlandiya və Cənubi Koreya kimi ölkələrdə texnoloji ixtisaslara olan marağın artması ilə yanaşı, bu sahələrin humanitar və pedaqoji biliklərlə inteqrasiyası da dəstəklənir. Məsələn, “Digital Humanities” və “Education Technologies” kimi interdisiplinar sahələr yaranır. Azərbaycanda isə hələlik bu sahələr arasında əlaqə çox zəifdir. Süni intellekt sahəsində çalışan bir mütəxəssis etik və hüquqi aspektləri, texnologiyanın sosial nəticələrini də bilməlidir. Bu isə təhsildə vahid və inteqrativ yanaşmanın zəruriliyini göstərir.

 

Nəticə olaraq, 2025-ci il qəbul imtahanlarında süni intellekt və texnoloji ixtisaslara maraq rekord səviyyədə olacaq və bir sıra universitetlərdə keçid ballarında 30–50 bal arası artım mümkündür. Bu müsbət tendensiyanı idarə etmək üçün təhsil sistemində balanslaşdırılmış ixtisas seçimi təşviq olunmalı, təbliğat yalnız gəlirə deyil, peşə məmnuniyyətinə və cəmiyyətə təsirə əsaslanmalıdır. Əks halda, texnologiya sektorunda süni şişkinlik, digər sahələrdə isə keyfiyyətli kadr qıtlığı ilə üz-üzə qala bilərik”.

Parad öncəsi Ukraynadan ŞOK HÜCUM - Moskva vurulur
Son xəbərlərDaha çox