Azərbaycanda 10 tibb kolleci var ki, onlardan 2-si paytaxtda yerləşir. Ötən günlərdə Səhiyyə Nazirliyi tərəfindən bildirildi ki, bölgələrdə yeni kolleclər açmaq üçün təhlillər aparılır.
Ümumiyyətlə tibb kolleci oxumağa maraq nə qədərdir? Abituriyent üçün 150 ballıq ixtisasda oxumaq daha faydalı olar, yoxsa tibb kollecində?
Elm və təhsil eksperti Rizvan Fikrətoğlu AzEdu.az-a açıqlamasında bildirib ki, yeni tibb kollecləri bölgələrdə tibbi kadr çatışmazlığını aradan qaldıra bilər:
“Tibb kolleclərinin sayının artırılması strateji və sosial cəhətdən müsbət addımdır. Yeni tibb kollecləri bölgələrdə tibbi kadr çatışmazlığını aradan qaldıra bilər. Yerli gənclər həmin kolleclərdə oxuyub, elə öz yaşadıqları bölgələrdə işləməyə meyilli olur. Xüsusilə tibb bacısı, feldşer, laborant, əczaçı və digər orta tibb mütəxəssislərinə ölkənin hər yerində ehtiyac var. Bu pandemiya dövründə də bariz şəkildə özünü göstərdi. Yeni kolleclərin yaradılması rayon və kənd yerlərində yaşayan gənclərin təhsil imkanlarını artırır. Bakıya və ya digər böyük şəhərlərə getmək məcburiyyəti yaranmır. Tibb kolleci məzunları adətən iş tapmaqda çətinlik çəkmirlər, çünki səhiyyə sahəsi daim kadr ehtiyacı olan sektorlardandır.
“Tibb kolleci oxumaq daha sərfəlidir, yoxsa 150 ballıq ixtisas üzrə universitet?” sualınıza gəlincə, cavabı abituriyentin məqsədindən və marağından asılıdır. Tibb kollecini seçmək üçün müəyyən məqsədlər olmalıdır. Abituriyentin tibbə marağı varsa, orta tibb işçisi kimi karyera qurmaq niyyətindədirsə və eyni zamanda tez bir vaxtda işləmək və maliyyə cəhətdən müstəqil olmaq istəyirsə tibb kollecini seçməkdə fayda var.
Nəzərə alsaq ki, ölkəmizdə ali təhsil diplomunun da üstünlüyü var. Bu baxımdan zəif də olsa, əmək bazarında çəkisi aşağı da olsa ali təhsil diplomu önəm daşıyır. Oğlanlar bəzən hərbi xidmətə 4 il sonra getsinlər, xidmət müddəti 1 il olsun deyə ali məktəbə üstünlük verirlər. Bəzən olur ki, bilikli abituriyent zəif nəticə göstərir, lakin o, məqsədlidir. Bu halda 150 ballıq ixtisası bitirib magistratura səviyyəsində ixtisasını dəyişə bilir. Lakin xüsusi məqsədi olmayan şəxslər üçün tibb kolleci daha perspektivli görsənir. Burada şəxsin tibbə marağı, istəyi olmalıdır”.