“Hər il 50 minə yaxın universitetə qəbul ola bilməyən abituriyent kollecə müraciət edir. Bunlardan 20-30 min nəfəri kolleclərə qəbul olunur. Lakin kolleclərdə bəzi ixtisaslar var ki, onları oxumağın heç bir faydası yoxdur”.
Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirib.
Ekspertin sözlərinə görə, əksər işəgötürənlər kollec məzunlarını işə götürmək istəmir, çünki kolleclərdəki ixtisasların demək olar ki, hamısının daha yüksək səviyyəli ali təhsil variantları mövcuddur:
“Kollec təhsili əslində universitetə gedən bir yol kimi görülməlidir. Məhz buna görə 2012-ci ildən etibarən kollec məzunlarına subbakalavr dərəcəsi verilir və bu dərəcə ilə universitetlərə imtahansız qəbul imkanı yaradılıb. Lakin Azərbaycan cəmiyyətində kollec məzunlarının əmək bazarına daxil olması çox çətindir. Əksər işəgötürənlər kollec məzunlarını işə götürmək istəmir, çünki kolleclərdəki ixtisasların əksəriyyəti daha yüksək səviyyəli ali təhsil proqramları ilə əvəz oluna bilər. Buna görə də işəgötürənlər haqlı olaraq ali təhsil diplomuna üstünlük verirlər. Bu məsələnin tənzimlənməsi üçün sistemdə dəyişikliklər edilməlidir”.
Ekspert kollec ixtisaslarının sayının azaldılmalı, mövcud ixtisaslar üzrə məzunların əmək bazarına daxil olmasına dəstək verilməli olduğunu vurğulayıb:
“Bəzi ixtisaslar var ki, tələbə həmin ixtisası bitirdikdən sonra nə universitetə qəbul oluna bilir, nə də əmək bazarında yer tapa bilir. Bununla yanaşı, 9-cu sinifdə müəyyən potensiala malik olan şagirdlərin kollecə qəbulunu tövsiyə etmirəm. Zəif potensialı olan, xüsusilə də qız abituriyentlər üçün bəzi istisnalar ola bilər. Lakin yüksək potensialı olan bir abituriyentin kollec oxuması, onun gələcək karyerasını məhdudlaşdırır.
Kollec ixtisaslarının 80%-i əmək bazarında tələb olunmur və ya yalnız kollec diplomu olduğu üçün işə qəbul edilmir. Hazırda yüzlərlə kollec məzunu yalnız bakalavr təhsili olmadığına görə əmək bazarına daxil ola bilmir”.