"Bu qəbul ilində abituriyentlərin ixtisas seçimi bir neçə gərgin nüanslarla keçdi".
Bu sözləri AzEdu.az-a açıqlamasında ixtisas seçimi və karyera üzrə mütəxəssis, təhsil eksperti Ramin Nurəliyev qeyd edib.
Ekpsertin sözlərinə görə, ilkin olaraq 1-ci ixtisas qrupunda vəziyyət çox yaxşı görünür: "RK altqrupu olaraq blok imtahanında 100 balı keçən abituriyentlərdə ballar hardasa 30-80 bal düşəcəyi gözlənilir. Azərbaycan və rus bölməsində plan yerlərinin artması və müsabiqə şərtlərini ödəmiş abituriyentlərin sayının keçən ilə nisbətən azlığı balların keçən ilə görə düşəcəyindən xəbər verir.
1-ci qrup Rİ altqrupunda dövlət sifarişli yerlərin çoxalması bu altqrupda pulsuz yerlərə qəbul imkanlarını özəl ali təhsil ocaqlarında belə artıracaq. Bu altqrupda da ballar ortalama 20-40 bal ətrafında düşəcək kimi görünür.
2-ci qrupda vəziyyəti orta olaraq qiymətləndirirəm. Həm Azərbaycan, həm də rus bölməsində plan yerlərinin artması xoş təəssüratlar formalaşdırsa da, dövlət sifarişli yerlərin sayında azalma bu ixtisasların ballarında artıma səbəb olacaq. Ümumi olaraq aşağı ballarda 10-15, dövlət sifarişli yerlərdə 20-50 bala kimi artma müşahidə olunacaq. Rus bölməsi 400-dən yuxarı ballarda düşmə görünür".
3-cü qrupda vəziyyət keçən ilə görə çox acınacaqlı görünür
"DT altqrupunda vəziyyət çox gərgin olacaq. Dövlət sifarişli yerlərin balı 30-50 bal artacaq, ümumi olaraq 20-60 bal artım ehtimal olunur. Hüquqda ciddi artım olmasa da, aşağı ixtisaslara doğru getdikcə ballar sürətli artaraq davam edəcək. 300-ün altında ballarda ciddi həyəcan təbili müşahidə edirəm.
Müsabiqə şərtlərini ödəmiş 24087 abituriyentdən 9000 nəfəri plan yerlərinə görə, hardasa 5000 nəfəri də səhv kodlaşdırıldığı üçün kəsiləcək kimi görünür.TC altqrupunda da vəziyyət ürəkaçan deyil, ballarda 20-50 arası qalxma müşahidə olunur.Beynəlxalq münasibətlər ixtisasında artım olacaq.
4-cü qrupda vəziyyət çox pisdir. Tibb ixtisası üzrə ballar artacaq kimi görünür. Hardasa 625 ətrafında müşahidə olunur. Ümumi olaraq Azərbaycan və rus bölməsi üzrə 20-70 bala kimi qalxma müşahidə olunacaq",- deyə ekspert fikrini tamamlayıb.