Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi davam edir.
İxtisas seçimi zamanı abituriyentlər daha çox hansı universitetlərə üz tutur?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən STM əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri qeyd edib ki, seçimlər zamanı müşahidə etdiyimiz bir çox maraqlı məqamlar olub:
"Əvvəlcə qeyd edim ki, abituriyentlər və onların valideynləri ötən illərlə müqayisədə bu il daha hazırlıqlı idilər. Onlarda universitetləri və ixtisasları araşdırma meyli ötən illərə nəzərən daha yüksəkdir. Bəzən bu hazırlıq məni təəccübləndirirdi.
Birinci qrupdan dördüncü qrupa qədər abituriyentlərin bəziləri həqiqətən də ixtisasları və onların keyfiyyətlərini analiz etmişdilər. Doğrudur, bəzi yanlış yanaşmalar da olurdu, amma biz ekspert olaraq onlara istiqamət verməyə, düzgün yol göstərməyə çalışırdıq".
Universitetlərin dəyərləndirilməsi bu il daha obyektiv və faydalı yanaşma ilə aparılırdı
"Ən çox diqqət çəkən universitetlər arasında Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Bakı Ali Neft Məktəbi, Qarabağ Universiteti, Xəzər Universiteti və əlbəttə ki, Bakı Dövlət Universiteti xüsusi yer tutur. Xüsusilə UNEC-ə böyük maraq var idi, yalnız ikinci qrup üzrə deyil, digər qruplarda olan abituriyentlər də UNEC-də təhsil almaq arzusunda idilər.Bakı Dövlət Universiteti ilə bağlı da maraqlı bir müşahidəm oldu.
Son illərdə bu universitetlə bağlı neqativ fikirlər olsa da, bu il abituriyentlər və valideynlər tərəfindən daha müsbət yanaşma müşahidə etdim. Onlarda universitetə qarşı hörmət və inam hiss olunurdu. Bu, məni çox sevindirdi. Sonda onu deyim ki, bu ilki seçim prosesi daha şüurlu və məqsədyönlü aparılır. Abituriyentlər sadəcə balla deyil, maraq və gələcək planlarına uyğun ixtisas seçməyə meyillidirlər. Bu isə olduqca sevindirici haldır".