Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 13 iyul 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.
Belə ki, bu il 2 abituriyent qəbul imtahanından maksimum (400) nəticə əldə edərək 700 bal toplayıblar.
Onlardan biri də Abdulsəmədli Orxan Fəxri oğludur.
O, IV ixtisas qrupu üzrə hər iki mərhələdən maksimum nəticə əldə edib.
AzEdu.az bu münasibətlə həmin abituriyentlə əlaqə saxlayıb, təəssüratlarını öyrənib.
Orxan Şəki rayonu Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta ümumtəhsil məktəbin məzunudur:"Qəbulun I mərhələsində 693.5 bal topladım. Bu imtahandan sonra balımı artırmağı qarşıma məqsəd qoydum. Maksimum nəticə toplayacağımı gözləyirdim. Əslində imtahandan sonra nəticələrimi yoxlamışdım, təxmini də olsa 700 bal olacağını bilirdim. Ona görə də nəticəm mənə sürpriz olmadı.
Sözün düzü, Qəbulun 1-ci mərhələsindən sonra 2-ci mərhələsinə qədər yaxşı istirahət etdim. Əlimə kitab almadım. Bir müddət dincəldikdən sonra ümumi təkrar etdim. O qədər də ciddi hazırlaşmadım. Düşünürdüm ki, sadəcə mövzuları təkrarlasam yetərlidir. Əlavə nəsə öyrənməyə ehtiyac yoxdur. Qəbulun hər iki mərhələsində tərtib edilən suallar təxminən eyni idi. Sadəcə olaraq hər iki imtahanda digər fənlərlə müqayisə də kimya çətin idi. Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsi üzrə təhsilimi davam etdirəcəyəm. Uşaq yaşlarımdan həkim olmaq arzum olub.
Gələcəkdə rezidenturanı xaricdə oxumaq kimi bir planım var, lakin hələki dəqiqləşdirməmişəm. Düşünürəm ki, istirahət çox vacibdir xüsusilə də yuxu rejiminə diqqət etmək lazımdır. Əslində gecə gec saatlarında yatmaq o qədər də doğru fikir deyil. Bununla bərabər çox çalışmaq lazımdır. Özünə inamın olmalıdır ki, istədiyin nəticəni əldə edə biləsən. Vətənə, millətə savadlı və xeyirli həkim olmaq istəyirəm".