Magistraturaya qəbul üçün keçirilən imtahanda esse hazırda məcburi deyil, lakin Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib ki, lakin gələcək illərdə bunun tətbiqi məcburi ola bilər. Mövzu ilə bağlı Cambridge Universitetinin CELTA sertifikatlı İngilis dili müəllimi Vüqar Məmmədov AzEdu.az-a açıqlama verib.
Essenin nə olduğuna aydınlıq gətirən müsahibimiz bu məsələdəki problemlərimizdən danışıb: "Esse akademik səviyyədə yazılan bir inşadır. Ancaq əvvəlcə bir sualı verməliyik: biz ümumiyyətlə, ana dilimizdə belə inşa yaza bilirikmi? Gənclər bu məsələdə çox çətinlik çəkirlər. Bunun da əsas səbəbi mütaliə azlığıdır. Gənclər arasında oxuma vərdişi yoxdur. Ən yaxşı həll yolu isə təbii ki, kitab oxumaqdır. Çünki "nə yazım" sualı "necə yazım"dan əvvəl gəlir".
Təkcə dil yox, düşüncə problemi də var
“Strukturlar düzgün şəkildə öyrədilməlidir. Lakin universitetlərdə bu strukturların öyrədilməsində problemlər var. Araşdırılmalıdır ki, ümumiyyətlə, dil düzgün tədris olunurmu? Yazı bacarığı düzgün formalaşdırılırmı? Tələbələr hazırda yalnız özləri çalışaraq bu bacarığı inkişaf etdirməyə çalışırlar. Bu da kifayət etmir”.
Esse yazmaq üçün yalnız dil yox, tənqidi düşüncə də lazımdır
“Bu gün tələbələr əsasən IELTS-ə hazırlaşırlar ki, dil biliklərini artırsınlar. Yəni yalnız dil yox, düzgün yazmaq tərzini öyrənsinlər. Reading, writing, listening və speaking – hamısının xüsusi strukturları var. Bu strukturların tədrisi vacibdir”.