"2025–2026-cı tədris ili üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarının birinci (buraxılış) və ikinci (blok) mərhələləri artıq yekunlaşıb. İlkin təhlillər və müşahidələr göstərir ki, şagirdlər birinci mərhələdə – xüsusilə riyaziyyat fənninə aid sualları cavablandırarkən digər fənlərlə müqayisədə daha çox çətinliklə qarşılaşıblar".
Bu fikri AzEdu.az-a açıqlamasında təhsil işləri üzrə məsləhətçi Şakir Hüseyn qeyd edib.
Ekspertin sözlərinə görə, ənənəvi olaraq ali təhsil müəssisələrinə hazırlıq prosesi ölkəmizdə əsasən 9-cu sinifdən, bəzi hallarda isə yalnız 10-cu sinifdən etibarən başlayır:
"Bu mərhələdə riyaziyyat həm mövzuların genişliyi, həm də mürəkkəb məntiqi strukturu baxımından fərqlənir. Nəticədə, digər fənlərlə müqayisədə bu fənnin mənimsənilməsi şagirdlər üçün ciddi intellektual gərginlik yaradır.
Aparılan müşahidələr onu da göstərir ki, ümumi təhsil pilləsində zəif baza biliklərinə malik olan şagirdlər riyaziyyat fənnini səmərəli şəkildə mənimsəyə bilmirlər və bu, onların digər imtahan fənlərində də nəticələrinə mənfi təsir göstərir.
İstisna hallar olsa da, bu mənzərə ümumi tendensiyanı dəyişmir. Bu reallıq fonunda valideynlərə mühüm məsuliyyət düşür. Əgər övladlarının gələcəkdə uğurlu nəticələr əldə etməsini istəyirlərsə, ibtidai siniflərdən etibarən şagirdlərin dərs nailiyyətlərini – xüsusilə də riyaziyyat fənninə olan münasibətini yaxından izləməli, vaxtında dəstək göstərməlidirlər. Müəllim-valideyn əməkdaşlığı və sistemli təhsil nəzarəti olmadan bu çətinliyi aşmaq çətindir.
Həmsöhbətimiz bildirib ki, qəbul prosesinin ikinci (blok) mərhələsində I ixtisas qrupu üzrə şagirdlərin əsas çətinliyi riyaziyyat fənnindən olub:
"Həmçinin I cəhd imtahanında II və III ixtisas qruplarında ən çox çətinlik yaradan fənn tarix olub. Bu fənndən verilən suallar digər fənnlərə nisbətən daha mürəkkəb, düşündürücü və analitik bacarıq tələb edən şəkildə tərtib edilmişdir. Nəticədə abituriyentlərin böyük əksəriyyəti bu suallarla üzləşərkən əlavə zəhmət və vaxt sərf etmək məcburiyyətində qalmışdır ki, bu durum imtahan nəticəsinə mənfi təsir göstərib.
IV ixtisas qrupunda isə biologiya fənnindən verilən suallar abituriyentlər üçün cavblandırılması daha çətin olmuşdur. Altı fənni eyni anda öyrənməli olan şagirdlər üçün biologiyanın yüksək səviyyədə öyrənilməsi tələb olunur. Lakin, bu fənnin tədrisinin aşağı siniflərdə zəif təşkil olunması və mövzuların kompleksliyi abituriyentlərin performansına mənfi təsir göstərir.
Sonda qeyd etmək istərəm ki, uğurlu nəticə əldə etmək üçün fənn tədrisinə orta məktəb illərindən etibarən planlı və sistemli yanaşmaq lazımdır. Son iki ildə mövzuların sayının çox olması və hazırlıq üçün vaxtın məhdudluğu isə abituriyentlər üçün əsas maneələrdən biridir. Bu səbəbdən valideynlərə tövsiyə olunur ki, uşaqların fənn hazırlığına erkən yaşlardan başlayaraq dəstək olsunlar və davamlı motivasiyanı təmin etsinlər. Bununla da gənclərimiz universitetə qəbul imtahanlarında daha yüksək nailiyyətlər qazanmaq şansını artıracaqdır.
Qəbul imtahanlarının fənlər üzrə statistik təhlili yaxın günlərdə Dövlət İmtahan Mərkəzi tərəfindən çap ediləcək Abituriyent N-12 jurnalında ətraflı şəkildə təqdim olunacaq".