Ali təhsil müəssisələrinə qəbul imtahanlarında abituriyentlərin bəzən eyni ümumi bal toplaması hallarına rast gəlinir. Bu cür vəziyyətlərdə onların seçim zamanı bir-birindən hansı əsaslarla fərqləndiriləcəyi valideynlər və abituriyentlər üçün hər il maraq doğuran əsas suallardan biri olur.
AzEdu.az-ın Dövlət İmtahan Mərkəzindən aldığı məlumata əsasən, ali təhsil müəssisələrinin I,II,II və IV ixtisas qruplarına daxil olan ixtisasları üzrə müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:
-Təhsil haqqında sənədə (attestata) “Tədris dili”, “Ədəbiyyat”, “Xarici dil”, “Riyaziyyat”, “Azərbaycan tarixi”, “Ümumi tarix”, “Fizika”, “Kimya”, “Biologiya”, “Coğrafiya” fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;
-Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanının yekun nəticəsi (bal);
-Qəbul imtahanının ikinci mərhələsi üzrə ümumi bal;
-Qəbul imtahanının ikinci mərhələsinin imtahan fənləri üzrə nisbi balların cəmi;
-Qəbul imtahanının ikinci mərhələsinin imtahan fənləri üzrə düzgün cavabların (yazılı suallar üzrə balların) sayı;
-Qəbul imtahanının ikinci mərhələsinin imtahan fənlərinin üstünlük dərəcəsini nəzərə almaqla, həmin fənlərdən ayrılıqda toplanılan nisbi balların miqdarı;
-Qəbul imtahanının birinci mərhələsi üzrə Azərbaycan və ya rus dili fənnindən toplanılan bal;
-Qəbul imtahanının birinci mərhələsi üzrə riyaziyyat fənnindən toplanılan bal.
Ali təhsil müəssisələrinin V ixtisas qrupunda qabiliyyət imtahanlarının nəticələri balla qiymətləndirilən ixtisasları üzrə müsabiqə abituriyentin qabiliyyət imtahanlarında topladığı yekun bal əsasında aparılır. Yekun balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:
-Abituriyentin qəbul (müvafiq ilin abituriyentləri üçün buraxılış) imtahanında topladığı ümumi bal;
-Təhsil haqqında sənədə (attestata) “Tədris dili”, “Ədəbiyyat”, “Xarici dil”, “Riyaziyyat”, “Azərbaycan tarixi”, “Ümumi tarix”, “Fizika”, “Kimya”, “Biologiya”, “Coğrafiya” fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;
-Riyaziyyat fənni üzrə imtahan balı;
-Azərbaycan dili və ya rus dili fənni üzrə imtahan balı.
Ali təhsil müəssisələrinin V ixtisas qrupuna daxil olan ixtisaslar, o cümlədən qabiliyyət imtahanlarının nəticələri “məqbul”la qiymətləndirilən ixtisasları üzrə müsabiqə abituriyentin qəbul (müvafiq ilin abituriyentləri üçün buraxılış) imtahanında topladığı ümumi bal əsasında aparılır. Ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:
-Təhsil haqqında sənədə (attestata) “Tədris dili”, “Ədəbiyyat”, “Xarici dil”, “Riyaziyyat”, “Azərbaycan tarixi”, “Ümumi tarix”, “Fizika”, “Kimya”, “Biologiya”, “Coğrafiya” fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;
-Riyaziyyat fənni üzrə imtahan balı;
-Azərbaycan dili və ya rus dili fənni üzrə imtahan balı.
Ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək mümkün olmadıqda, onların hamısı müvafiq ixtisasa yerləşdirilir.