Artıq bütün ixtisas qrupları üzrə imtahan balları məlum olub. Ancaq birinci cəhd imtahanı ilə birlikdə 700 bal toplayan abituriyent olmayıb.
Bu zaman sual yaranır: 700 balın olmamasına səbəb abituriyentlərin yetərincə hazırlıqlı olmamalarıdır, yoxsa Dövlət İmtahan Mərkəzinin sualları çətin tərtib etməsi, yaxud təhsil və imtahanların getdikcə çətinləşməsi?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndiyev (Əfəndi) qeyd edib ki, abituriyentlərin hazırlıq səviyyəsi müəyyən qədər aşağı olduğu üçün maksimum nəticə əldə edə bilməyiblər:
"Artıq Dövlət İmtahan Mərkəzi tərəfindən buraxılış mərhələsinin nəticələri, eləcə də qəbul imtahanının birinci mərhələsi üzrə nəticələr açıqlanıb.
Nəticələr məlum olduqdan sonra bəlli oldu ki, bu mərhələdə maksimum -700 bal toplayan abituriyent olmayıb. Halbuki həm buraxılış imtahanında, həm də qəbul imtahanının birinci mərhələsində maksimum nəticə əldə edən abituriyentlər olmuşdu. Bu isə onu deməyə əsas verir ki, abituriyentlər imtahan prosesinə hazırlıqlı olsalar da, bəzi sualları düzgün cavablandıra bilməmələri hər iki mərhələdə 700 balın əldə olunmasına mane olub.
İmtahan suallarının çətin olduğunu düşünmürəm. Çünki istər buraxılış, istərsə də qəbul imtahanında maksimum nəticə göstərən abituriyentlər var idi. Sadəcə, abituriyentlərin hazırlıq səviyyəsi müəyyən qədər aşağı olduğu üçün maksimum nəticə əldə edə bilməyiblər".
Ekspert vurğulayıb ki, bəzi hallarda abituriyentlər tərəfindən situasiya və açıq tipli yazılı suallar cavablandırılmır:
"Təhsil və imtahanların getdikcə çətinləşdiyini də düşünmürəm. Sadəcə, 2019-cu ildən etibarən yeni imtahan formatı tətbiq edilir. Bu formatda situasiya və açıq tipli yazılı suallar yer alır. Məhz bu tip suallar bəzi hallarda abituriyentlər tərəfindən cavablandırılmır. Halbuki ən yüksək balı da məhz həmin suallar təmin edir. Ona görə də abituriyentlərə hər zaman tövsiyəmiz budur ki, açıq tipli sualları mütləq cavablandırsınlar".
"700 bal toplamaqla ümumi təhsil göstəricilərini müsbət və ya mənfi dəyərləndirmək düzgün deyil", - deyə müsahibimiz qeyd edib:
"Çünki əgər bir nəfər 700 bal toplayıb, digərləri isə 200–250 bal əldə edibsə, bu, yüksək təhsil göstəricisi hesab oluna bilməz. Lakin əgər heç kim 700 bal toplamayıb, amma ixtisas qrupları üzrə əksər abituriyentlər 500 baldan yuxarı nəticə göstəribsə, bu, təhsilin səviyyəsini göstərən əsaslı göstərici hesab oluna bilər. Hazırkı vəziyyət də məhz bu ikinci fakta əsaslanır".