Magistratura səviyyəsində təhsilə maraq illər keçdikcə artmaqda davam edir. 2023-cü ildə magistratura imtahanında maksimum nəticə 100 bal olub. 2024-cü ildə isə maksimum nəticə 96 balla məhdudlaşıb. Bu il isə imtahanda 3 nəfər 95.5 bal toplamaqla iştirakçılar arasında ən yüksək nəticəni göstərib.
Bəs, görəsən, yüksək nəticə göstərənlərin sayındakı fərq nə ilə izah oluna bilər? Yüksək nəticə göstərənlərin sayının azalması ümumilikdə təhsilin keyfiyyətində azalma deməkdirmi?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndiyev (Əfəndi) qeyd edib ki, magistraturaya son illər maraq artıb və bununla yanaşı, plan yerlərinin sayında da artım müşahidə olunur:
“Atıq bu il 17 mindən çox magistratura istiqamətində plan yeri ayrılıb. Son zamanlar yüksək bal toplayanların sayında da (90 bal üzəri nəzərdə tutulur) artım var. Artıq 2 ildir ki, bakalavrlar esse yazmaqla bilik və bacarıqlarını nümayiş etdirirlər. Bu da, öz növbəsində, nəticələrə təsir göstərir. Maksimal bal toplamaq bir qədər çətinləşib. Ballar arasında yaranan fərq də məhz bununla əlaqələndirilə bilər.
Qaldıqda isə ümumi iştirakçı sayına – daha ciddi hazırlıq keçən bakalavrların nəticələri təbii olaraq daha yüksək olur. Digərləri ilə müqayisədə bu nəticələr aşağıdır. Son illər müraciət sayında artım olsa da, bəzi hallarda minimal müsabiqə şərtini ödəyənlərin sayı ümumi iştirakçılar arasında daha çoxluq təşkil edir.
Məsələn, əgər 25 min nəfərə yaxın iştirakçı varsa, onların içində 50 baldan aşağı nəticə göstərənlərin sayı çox yüksəkdir. Bu da onu deməyə əsas verir ki, bəzi bakalavrlar imtahana kifayət qədər ciddi yanaşmırlar”.
Ekspert əlavə edib ki, bəzi şəxslər magistraturaya qəbul olunmaqla həqiqi hərbi xidmətdən yayınmağa çalışırlar:
“Bəziləri bir növ həqiqi hərbi xidmətdən yayınmaq məqsədilə magistraturaya müraciət edir. Lakin müəyyən bir hissə isə təhsilini davam etdirmək və yaxud fərqli ixtisas sahəsinə keçid almaq üçün magistraturanı seçir. O ki, qaldı magistraturada az bal toplayan bakalavrların təhsil sisteminə təsiri məsələsinə, düşünmürəm ki, bu, ali təhsil sisteminə hər hansı mənfi təsir göstərsin. Mənə görə, bu, elə də ciddi təsir edən faktor deyil. Ola bilər ki, ümumiyyətlə maksimum nəticə göstərən olmasın, amma 70-80 bal aralığında nəticə göstərənlərin sayı çoxluq təşkil etsin.
Yüksək nəticə göstərənlərin sayının azalması təhsilin keyfiyyətində azalma demək deyil. Biri var ki, maksimum nəticəni bir nəfər göstərir, amma iştirakçıların 24 min nəfəri 50 baldan aşağı nəticə göstərir. Biz o bir nəfərin nəticəsinə görə deyə bilmərik ki, təhsilin keyfiyyəti əladır. Bu, yüksək keyfiyyət göstəricisi sayılmaz. Əgər iştirakçıların 60-70 faizi 50 baldan yuxarı nəticə göstərirsə, bu zaman təhsilin keyfiyyətindən danışmaq mümkündür”.