Azedu.az

Abituriyentləri çaşdıran suallar - Riyaziyyatda çətinlik nə idi?

İmtahanlar

Müəllimlər və elm adamları

4 İyun 2025, 14:38
Abituriyentləri çaşdıran suallar - Riyaziyyatda çətinlik nə idi?

Hər bir abituriyentin riyaziyyat bilikləri və məsələ həll etmə bacarıqları fərqlidir. Bu səbəbdən də imtahan zamanı eyni suallar bir abituriyentə asan, digərinə isə çətin görünə bilər. Ətraflı və sistemli şəkildə hazırlaşan namizədlər üçün testlər daha rahat görünə bildiyi halda, zəif hazırlığı olanlar üçün bu, əks təsir yaradır.

 

AzEdu.az-a açıqlama verən riyaziyyat müəllimi, “Örnək müəllim" Murad Rəsulzadə bildirib ki, bəzən imtahan sualları abituriyentlərdən standart yanaşmadan kənara çıxmağı, fərqli düşünməyi tələb edir ki, bu da gözlənilməzlik yarada bilər:

161662“ I ixtisas qrupu abituriyentləri üçün keçirilən qəbul imtahanında riyaziyyat suallarının çətinliyi ilə bağlı müxtəlif fikirlər səsləndirilib. Bəzi namizədlər sualları çətin, digərləri isə asan hesab edir. Bu fərqli yanaşmalar tamamilə təbiidir və bir neçə amillə bağlıdır. Fikrimcə, əsas amil abituriyentin imtahana hazırlıq səviyyəsidir".

 

Ekspertin sözlərinə görə, imtahanlarda sualların çətin və ya asan görünməsi yalnız biliklərlə deyil, həm də emosional amillərlə sıx bağlıdır:

 

“Stress və imtahan təzyiqi də burada mühüm rol oynayır. İmtahan mühiti, vaxt məhdudiyyəti və yüksək həyəcan səviyyəsi abituriyentin diqqətini yayındıra, nəticədə real biliklərini göstərə bilməsinə mane ola bilər. Bu da sualların daha çətin qəbul edilməsinə səbəb olur. Eyni zamanda, sualların spesifik və qeyri-standart yanaşma tələb etməsi də bəzi abituriyentlər üçün əlavə çətinlik yaradır. Bu il keçirilən I qrup imtahanında bir sualda texniki nasazlıq müşahidə olunub. Bu hal bir çox abituriyentlərin narazılığına səbəb olub və onlar həmin suala normadan artıq vaxt sərf etdiklərini bildiriblər. Belə hallar bəzən baş verə bilir və abituriyentlər bu kimi situasiyalara hazır olmalıdırlar. Əgər təqdim olunan sualda qüsur olduğunu düşünürlərsə, həmin suala əlavə vaxt itirməməli və növbəti tapşırığa keçməlidirlər. Çünki əvvəlki imtahan təcrübələri göstərir ki, riyazi cəhətdən korrekt olmayan suallar şagirdlərin xeyrinə hesablanır".

 

Ekspert sonda qeyd edib ki, qəbul imtahanlarında suallar illər üzrə kurikulum çərçivəsində hazırlanır və müəyyən çətinlik səviyyəsinə malik olur:

 

“Bu, abituriyentlərin bilik və bacarıqlarını obyektiv qiymətləndirmək üçün zəruridir. Sualların fərqli səviyyələrdə qiymətləndirilməsi və müxtəlif fikirlərin ortaya çıxması imtahan prosesinin təbii və qaçılmaz hissəsidir".

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox