Xəbər verdiyimiz kimi, bu gün Dövlət İmtahan Mərkəzi( DİM) tərəfindən I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.
Həmçinin bu gün III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə də imtahan keçirilib.
İmtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı, Quba və Xaçmazda təşkil olunub.
Belə ki, imtahan keçirilən şəhər və rayonlarda, ümumilikdə 187 imtahan binası, 3381 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 187 ümumi imtahan rəhbəri, 537 imtahan rəhbəri, 4236 nəzarətçi, 597 buraxılış rejimi əməkdaşı, 187 bina nümayəndəsi cəlb olunub.
İmtahanda I ixtisas qrupu üzrə 31167, IV ixtisas qrupu üzrə 6526, III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə imtahanda isə 7986 nəfər olmaqla, ümumilikdə 45679 abituriyentin iştirakı nəzərdə tutulub.
İmtahanda 53 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.
AzEdu.az Təhsil Portalı olaraq, Dövlət İmtahan Mərkəzinin icazəsi ilə abituriyentlərin imtahan günü yaşadığı sevincə və həyəcan dolu anlara şahidlik etmək üçün Xətai rayonu, 55 nömrəli məktəbdə olduq.
İsti bir yaz səhəri… Həm bazar gününün sakitliyi, həm də imtahan gününün gərginliyi hiss olunurdu. Məktəb imtahan iştirakçılarını qarşılamağa tam hazır idi.
Məktəbin qarşısına yaxınlaşarkən diqqətimizi cəlb edən maraqlı bir mənzərə ilə qarşılaşdıq. Şagirdlərin arasında bir qız əlində iri dəftərlə gərgin şəkildə gəzişirdi. O, imtahana daxil olmamışdan əvvəl son dəfə dərslərini gözdən keçirirdi. Dəftərə sarılmışdı sanki… Oxumaqdan əl çəkmirdi. Bu səhnədən onun oxumağa olan sevgisi və qarşıya qoyduğu hədəfə çatmaq istəyi aydın sezilirdi.
Bir qədər kənarda isə valideynlər öz övladlarına dəstək olmağa çalışırdı. Onlardan biri telefonla məktəbə gəldiklərini kiməsə xəbər verirdi. Digər bir ana isə telefonla danışa-danışa övladına dualar göndərir, sakit səslə onu ürəkləndirirdi.
Həyəcanlı, amma səbirli şagirdlər çox idi. Onları seçmək heç də çətin deyildi. İmtahanın başlamasına cəmi 30 dəqiqə qalmışdı. Şagirdlər ardıcıllıqla yoxlamadan keçir, hər biri bir ümidlə zalın yolunu tuturdu…
Maraqlısı odur ki, hər il şagirdlərin üzərindən qeyri-adi əyşalar çıxardı. Bu dəfə qonaq olduğumuz məktəbdə bul halla qarşılaşmadıq.
Burada da abituriyentlərin yoxlanılması üçün qız və oğlan olmaqla iki hissədən ibarət nəzarət qrupu ayrılmışdı.
Yoxlama zamanı bir oğlan abituriyentin şəxsiyyət vəsiqəsinin müddətinin bitdiyi və sənədin üzərində olmaması məlum oldu. Bu səbəbdən o, imtahan binasına buraxılmadı və geri qaytarıldı.
Məsələ ilə maraqlanmaq üçün dərhal məsul şəxslə əlaqə saxladıq. Bildirildi ki, həmin abituriyent bu halda imtahana buraxılmayacaq.
Bu zaman ərazidə olan polis əməkdaşlarından biri həmin abituriyentin notariusa getdiyini qeyd etdi. Bir müddət sonra isə həmin gənc yenidən məktəb binasına qayıtdı. Artıq bu dəfə tam hazır şəkildə,imtahana daxil olmaq üçün gəlmişdi.
İmtahanın başlamasına sayılı dəqiqələr qalıb.
Bir xanım övladı ilə birlikdə narahatlıq və təlaş içində ümumi imtahan rəhbərinə yaxınlaşdı. Biz də dərhal yaxınlaşıb məsələnin nə olduğunu öyrənməyə çalışdıq.
Məlum oldu ki, abituriyent buraxılış vərəqəsini səhv formada çap etdirib. Bu səbəbdən də imtahana daxil olmaqda çətinlik yaşayırdı. Gənc abituriyent göz yaşları içində bizə tərəf dönərək, “Burda kserokopiya hardadır?” deyə soruşdu. Onun halı heç də yaxşı deyildi. Tələsik şəkildə məktəbin qapısına tərəf qaçdı və təlaşla çölə çıxdı.
Saat 10:00.
Hər kəsin səbirsizliklə gözlədiyi an nəhayət yetişdi. Məktəb binasına dərin bir sükut çökdü. Abituriyentlər artıq imtahan otaqlarında yerlərini tutmuş, suallarla tanış olmağa başlamışdılar. Lakin bir nəfər, buraxılış vərəqəsini səhv çıxardan qız hələ də geri dönməmişdi.
Saat 10:15.
Və… Budur, o qız əlində sənədlə məktəbə tərəf qaça-qaça gəldi. Göz yaşları içində ümumi imtahan rəhbərinə yaxınlaşıb həyəcanla soruşdu: “Məni imtahana buraxacaqsınız?”, Cavabını aldığı anda daha da kövrəldi.
Onu dərhal məsul şəxsə yönləndirdilər. Gərginlikdən və yorğunluqdan halsız düşdüyü üçün ona su verildi və yardımçı müşayiətlə imtahan zalına yola salındı.
Sükut yenidən bərpa olundu. Tam səssizlik hökm sürürdü. Bu saatadək tibb bacısına hər hansısa bir müraciət daxil olmamışdı.
İmtahan haqqında məlumat əldə etmək üçün Ümumi imtahan rəhbərinə yaxınlaşdıq.
Ümumi imtahan rəhbəri Namiq Məmmədov qeyd edib ki, imtahanda 163 şagird iştirak edir:
“İmtahanda ümumilikdə 168 abituriyentin iştirakı nəzərdə tutulmuşdu. Onlardan 5 nəfər – 3-ü oğlan, 2-si isə qız olmaqla imtahana gəlməyib.
Qeyd edək ki, imtahana 10:15-ə qədər gecikənlər buraxılır. Elə sonuncu abituriyent də məhz bu saatda binaya daxil edildi. İmtahan saat 10:00-da başlayıb və 3 saat davam edəcək. Hazırkı vaxta qədər hər hansı ciddi problem qeydə alınmayıb.
Əlavə olaraq bildirilir ki, şəxsiyyət vəsiqəsini itirən bir abituriyent my.gov.az portalından təsdiqlənmiş sənədlə gəldiyi üçün imtahana buraxılıb. Digər bir abituriyent isə buraxılış vərəqəsini itirdiyi üçün onun surətini çıxarıb təqdim edib və bu şəkildə imtahana daxil ola bilib”.
İmtahan rəhbəri Yusif İsgəndərov bildirib ki, imtahan şəffaf qaydada həyata keçirilir:
"Hazırkı vaxta qədər heç bir qayda pozuntusu qeydə alınmayıb. Bütün abituriyentlər imtahan zallarında yerlərinə əyləşdirilib. Sinif otaqları tam yararlı vəziyyətdədir, hər hansı texniki və ya təşkilati problem müşahidə olunmayıb”.
Məsul şəxslərin bildirdiyinə görə, imtahanın şəffaf və sakit şəraitdə keçirilməsi üçün bütün imkanlar səfərbər olunub.
Artıq imtahanın başlanmasından 1 saatdan çox vaxt keçib. Pilləkənlərdən əmin və sakit addımlarla enən abituriyentlər görünməyə başladı. İlk olaraq imtahanı tamamlayıb çıxan şagirdlərə yaxınlaşıb onların təəssüratlarını öyrəndik.
İmtahanı tez bitirən 244 nömrəli məktəbin şagirdi Kənan Hüseynliyə yaxınlaşdıq. O, I ixtisas qrupu üzrə imtahan verdiyini qeyd edib:
“İmtahan mənim üçün çox da çətin olmadı. Düşünürəm ki, yaxşı hazırlaşan hər kəs rahatlıqla bu sualları yaza bilər. Mən xüsusi bir çətinlik hiss etmədim. Buraxılış imtahanından 220 bal toplamışam və İT ixtisası üzrə BDU ya da UNEC-də təhsil almağı planlaşdırıram”.
Saat 12:50...
Valideynlər isti, həyəcan demədən səbirsizliklə qapıya baxırlar. Sayılı dəqiqələrdən sonra övladlarını görmək üçün yerlərindən tərpənmirdilər. Onlar arasında gülə-gülə övladını qarşılamağa hazırlaşanları da gördük, əlləri göydə dua edənləri də. Şagirdlər imtahandan çıxmamış üz tutduq valideynlərə.
Qapının önündə həyəcanla və böyük fəxrlə övladını içəri ötürən valideyn Vüsalə Namazova təəssüratlarını bizimlə bölüşüb:
"İxtisas qrupu I olan oğlum Fuad Namazov informatika üzrə imtahan verir. Buraxılış imtahanından 271 bal toplamışdı. Qismət olsa, ən yaxşı universitetlərdən birində informatika mühəndisliyi ixtisası üzrə təhsil almaq istəyir. Biz hər birimiz onun 600-dən yuxarı bal toplayacağına inanırıq. Bu mənim ilk övladımdır, ilk dəfədir bu həyəcanı yaşayıram. Bir ana kimi oğlumla fəxr edirəm. Bu yolu birlikdə addımlamışıq.
Özüm də 171 nömrəli məktəbdə ibtidai sinif müəllimiyəm. İmtahanın təşkilindən çox razıyam. Oğlum isə tam sakitdir, heç bir həyəcan yaşamır. 9-un yarısında artıq binada idi”.
Fuadın nənəsi Sehran İsayeva də nəvəsi imtahanda tək qoymayıb. Onun sözlərinə görə, Fuad ali məktəbə imtahan verən ilk nəvəsidir:
"Mən bir nənə kimi Fuadla fəxr edirəm. Çox çalışqan və məsuliyyətli oğlandır. Allah bütün uşaqlara zehin açıqlığı versin, bütün valideynlərin, nənə-babaların üzləri gülsün. Fuad ali məktəbə imtahan verən ilk nəvəm olduğu üçün mən də çox həyəcanlıyam. Ondan 650 bal gözləyirəm”.
Valideyn Rauf Əliyevin sözlərinə görə, oğlu Əbdüləzim Əliyev I ixtisas qrupu üzrə imtahan verir:
“Oğlum I ixtisas qrupu üzrə imtahan verir. Buraxılışdan 153.5 bal toplamışıq. Bu imtahandan da 250–300 bal arası nəticə gözləyirik. O, İT sahəsi üzrə təhsil almaq istəyir, nəticəyə əsasən universitet seçəcəyik. Bütün valideynlər kimi mən də həyəcanlıyam. Əsas odur ki, yaxşı nəticə olsun və özünə inamı itməsin. Bir az həyəcanlıdır, amma biz ona dedik ki, nəticən necə olur olsun, əsas sənin sağlamlığındır”.
Vaxt-vədə yetişdi. İmtahan sona çatdı. Saat 13:00-ı göstərir. Lakin heç bir şagird imtahan binası tərk etməyib. Valideyn təlaş içərisində həm saata, həm də məktəbin qapısına baxmağa başlayır. Həyəcan birə-min artdı. Artıq 4 dəqiqə keçib. Yenə də uşaqları görə bilmirik.
Budur deyəsən gəlirlər. Səslər artmağa başladı.
İmtahan verən zaman ailə üzvlərinin təəssüratlarını aldığımız Fuad artıq doğmalarının yanındadır. Tez yaxınlaşıb imtahanla bağlı sual verdik.
O, imtahanın gözlədiyindən biraz çətin olduğunu vurğulayıb:
"Fizikanı yaxşı yazdım. Digərləri biraz çətin idi. Amma 350-dən yüksək bal toplayacağımı gözləyirəm".
Şagirdlərin imtahan sonrası valideynləri ilə xoş təəssüratlarını paylaşdığı anlara şahid olduq. Gülüşlər, sevincli baxışlar…
Lakin bu mənzərə hər kəs üçün eyni deyildi. Bir abituriyent binanı göz yaşları içində tərk etdi. Qapıda onu qarşılayan ana və atası dərhal qucaqlayıb təsəlli verdilər. Aydındır ki, imtahan onun üçün asan keçməyib.
Aradan bir neçə dəqiqə keçməmiş daha bir abituriyent eyni vəziyyətdə çıxış qapısından göründü. Atası ona sarılıb sakitləşdirməyə çalışırdı.
Bu arada maraqlı bir məqam da diqqətimizdən qaçmadı. Kameramızı görən bir oğlan valideyninə sarılmaqdan çəkinərək, görüş üçün kənara çəkildi. Görünür, kameralara düşmək istəməyib.
İmtahanın gözlədiyindən də asan olduğunu vurğulayan 187 nömrəli məktəbin məzunu Səfiyə Ağayeva rahat keçdiyini dilə gətirib:
“Riyaziyyat fənni çox rahat idi. Fizika da çox yaxşı düşmüşdü. Yəni suallar heç də çətin deyildi. 150-dən yüksək bal toplayacağımı düşünürəm. Buraxılış imtahanında 190 bal yığmışdım. Gələcəkdə kimya mühəndisi olmaq istəyirəm. Aviasiya Akademiyasında təhsil almağı düşünürəm".
Digər imtahan iştirakçısı, BDU-nun nəzdində fəaliyyət göstərən Gənc İstedadlar Liseyinin şagirdi Elmir Babayev də imtahanın ümumilikdə çətin olmadığını deyib:
“İmtahan mənim üçün uğurlu keçdi. Xüsusilə riyaziyyat fənnində özümü daha yaxşı göstərdiyimi düşünürəm. Digər fənlər də çətin deyildi, suallar hazırlaşdığımız istiqamətlərə uyğun idi. Hədəfim kimyaçı olmaqdır. Gələcəkdə UFAZ və ya Bakı Ali Neft Məktəbində təhsil almağı planlaşdırıram. Buraxılış imtahanından 288 bal toplamışam”.
Ümumi imtahan rəhbərindən aldığımız məlumata görə, artıq bütün abituriyentlər sinif otaqlarını tərk ediblər. Nə imtahan öncəsi, nə də imtahan zamanı tibb işçilərinə hər hansı müraciət qeydə alınmayıb. Reportaj məqsədilə səfər etdiyimiz məktəbdə heç bir qayda pozuntusu və ya texniki problem müşahidə edilmədi. İstər abituriyentlər, istərsə də media nümayəndələri üçün hər cür şərait yaradılmışdı. Fürsətdən istifadə edərək yaradılan bu şəraitə görə təşəkkürümüzü bildiririk.
Şagirdlərlə söhbətlərimizdən məlum oldu ki, imtahan ümumilikdə çətin olmayıb. Ən çox qeyd edilən məqam isə riyaziyyat fənninin asan düşməsi idi. Digər diqqətçəkən məqam isə imtahanda iştirak edən oğlan şagirdlərinin say üstünlüyü idi.
Bu gün imtahan otaqlarında yüzlərlə hekayə yazıldı - bəziləri tibbə, bəziləri kimya mühəndisliyinə, digəri isə informasiya texnologiyalarına doğru. Bu yolda addımlayan hər bir gəncə uğurlar arzulayırıq.
Fotolar: Məltəm Anar