“Tarix sualları sanki elmlər namizədliyinə hazırlanmışdı”.
Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirib.
Onun sözlərinə görə, tarix fənni üzrə qəbul imtahanlarında sualların çətinliyi yalnız abituriyentlər deyil, fənn müəllimləri tərəfindən də təsdiqlənib:
“Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 25-də II və III ixtisas qrupları üzrə qəbul imtahanının birinci cəhdi keçirildi. İmtahandan çıxan abituriyentlər, xüsusilə də tarix fənnindən verilmiş sualların çətin olduğunu qeyd etdilər. Biz də bu fikirlərin nə dərəcədə doğru olduğunu araşdırmaq məqsədilə tarix fənn müəllimləri ilə müzakirə apardıq. Müəllimlər də təsdiqlədilər ki, sualların çətinliyi nəzərəçarpacaq dərəcədə yüksək idi – sanki elmlər namizədliyi imtahanı üçün hazırlanmışdı”.
Ekspert əlavə edib ki, bu tendensiya gələcək imtahanlarda digər qruplar üzrə fənn çətinliyinə də təsir göstərə bilər:
“Düşünürəm ki, əgər abituriyentlər tarix fənnindən çətin suallarla qarşılaşıblarsa, I və IV ixtisas qruplarında da bənzər çətinliklərlə üzləşmək mümkündür. Çünki Dövlət İmtahan Mərkəzi balans və bərabərliyə önəm verir. Əgər bir fəndə çətinlik artırılıbsa, digər qruplarda başqa fənlərdə də bu cür yanaşma ola bilər. Təbii ki, bu mənim şəxsi qənaətimdir”.
Ekspert qeyd edib ki, xüsusilə fizika fənnində çətinlik gözlənilə bilər:
“Mən bu istiqamətdə araşdırmalar apardım və gəldiyim nəticə budur ki, I və IV ixtisas qruplarında fizika sualları çətin ola bilər. Çünki hər iki qrupda fizika önəmli yer tutur və həmçinin bəzi alt qruplarda da təkrar olunur. Elə tarixdə olduğu kimi, fizika fənnində də sualların çətinləşdirilməsi ehtimalı yüksəkdir.
Cəmiyyətdə belə bir fikir formalaşıb ki, I cəhd imtahanları daha çətin hazırlanır və bu, abituriyentlərin II cəhdə daha çox meyillənməsinə səbəb olur. Ancaq bu barədə Dövlət İmtahan Mərkəzi tərəfindən rəsmi bir açıqlama verilməyib. Ona görə də bu fikri yalnız ehtimal kimi qiymətləndirmək olar. Lakin reallıq ondan ibarətdir ki, tarix fənnində suallar kifayət qədər çətin idi və bu, abituriyentlərin topladığı ballara da ciddi şəkildə təsir göstərdi. Bu da nəticə etibarilə qəbul prosesinə və keçid ballarının səviyyəsinə öz təsirini göstərəcək”.
Ekspert ümid etdiyini bildirib ki, növbəti – II cəhd imtahanında daha balanslı və ədalətli yanaşma tətbiq olunacaq:
“Yenə də ümid edirik ki, II cəhd imtahanında bu vəziyyət təkrarlanmayacaq. Sualların hər birinin eyni standartlara uyğun, ədalətli və ölçülə bilən çətinlik səviyyəsində hazırlanması vacibdir”.