Azedu.az

Müəllimlərin DİQQƏTİNƏ - Sertifikasiyada bu yolla uğur QAZANIN

İmtahanlar

Sertifikasiya

Müəllimlər və elm adamları

23 May 2025, 09:23
Müəllimlərin DİQQƏTİNƏ - Sertifikasiyada bu yolla uğur QAZANIN

Müəllimlər imtahanı təzyiq kimi deyil, inkişaf fürsəti kimi qiymətləndirməlidir. Çünki sertifikasiyadan uğurlu nəticə əldə edən müəllimlər həm işlərini qoruyur, həm də topladıqları bala uyğun olaraq əmək haqlarına 10-35% əlavə ödəniş edilir. Eyni zamanda müəllimlər sertifikasiya imtahanından qorxmamalıdır. Çünki imtahandan kəsilərlərsə, növbəti ildə onlara ikinci şans verilir.

 

İlk dəfə keçiriləcək kimya və biologiya fənləri üzrə sertifikasiya imtahanı ərəfəsində müəllimlər qarşıdan gələn bu qiymətləndirməyə necə hazırlaşmalıdırlar? Ümumiyyətlə, bu sahə üzrə nəticələr nə dərəcədə uğurlu olacaq?

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan elm və təhsil eksperti Rizvan Fikrətoğlu qeyd edib ki, əgər müəllim öz fənnini dərindən bilirsə və mütəmadi təkrarlarla mövzuları yeniləyirsə, uğurlu nəticə qaçılmazdır:

 

“Kimya və biologiya fənləri üzrə ilk dəfədir ki, sertifikasiya imtahanı keçirilir. Bu prosesdə əsas diqqət müəllimlərin sistemli və məqsədyönlü şəkildə hazırlaşmalarına yönəlməlidir. Çünki bu imtahanda yalnız fənn bilikləri deyil, eyni zamanda pedaqoji və metodiki bacarıqlar da qiymətləndirilir. Müəllimlər ilk növbədə imtahanın strukturu və qiymətləndirmə meyarları ilə yaxından tanış olmalıdırlar. Test tapşırıqları burada əsas rol oynayır. Bu səbəbdən müəllimlər Müəllimlərin İşə Qəbul (MİQ) imtahanının testlərindən və mövcud nümunə testlərdən yararlanmalıdırlar.

 

Tövsiyə olunan mənbələr sırasında Azərbaycan dili dərslikləri, ali məktəblər üçün nəzərdə tutulan əsas fənn kitabları, təlimçi müəllimlərin hazırlıq materialları, test topluları və video dərslər xüsusi yer tutur”.

 

Ekspert qeyd edib ki, imtahanda uğur qazanmaq üçün yalnız fənni bilmək yetərli deyil:

 

“Vaxtın düzgün bölüşdürülməsi, kurikulumun dərindən mənimsənilməsi də vacib amillər sırasındadır. Sertifikasiya imtahanına az vaxt qaldığı üçün müəllimlər balanslı hazırlıq qrafiki qurmalı və mümkün qədər təcrübəli həmkarları ilə birgə çalışmalıdırlar. Psixoloji hazırlıq da bu prosesdə önəmlidir. Müəllimlər psixoloji gərginlik və stressə təslim olmamalı, imtahana özünəinamla yanaşmalıdırlar. Müəllimlər imtahanı təzyiq kimi deyil, inkişaf fürsəti kimi qiymətləndirməlidir. Çünki uğurlu nəticə əldə edən müəllimlər həm işlərini qoruyur, həm də topladıqları bala uyğun olaraq əmək haqlarına 10-35% əlavə ödəniş edilir”.

 

“Müəllimlər sertifikasiya imtahanından qorxmamalıdır. Çünki imtahandan kəsilərlərsə, növbəti ildə onlara ikinci şans verilir”, - deyə ekspert qeyd edib:

 

“Hazırlıq dövründə fasilələrin qoyulması da önəmlidir. Məsələn, 60-90 dəqiqəlik tədris sessiyalarından sonra qısa istirahətlər planlaşdırılmalıdır. Eləcə də maksimum dərəcədə dostlardan, əyləncədən kənar durub imtahana fokslanmalıdır. Sertifikasiya imtahanlarının nəticələrinin uğurlu olub-olmaması birbaşa müəllimlərin hazırlıq səviyyəsindən asılıdır. Əgər müəllim öz fənnini dərindən bilirsə və mütəmadi təkrarlarla mövzuları yeniləyirsə, uğurlu nəticə qaçılmazdır. Lakin illərdir eyni mövzuları təkrar edən, pedaqoji yeniliklərdən xəbərsiz qalan müəllimlər üçün bu imtahan ciddi çətinliklər yarada bilər.

 

Əvvəlki imtahan nəticələrinin statistikası göstərir ki, müəllimlərin təxminən 60-70%-i yüksək nəticə göstərə bilmir. Pedaqoji və metodiki biliklər üzrə isə uğur göstəricisi ümumilikdə 30-50% civarındadır. Ən yaxşı nəticə göstərən müəllimlər isə adətən gənc, MİQ imtahanında uğur qazanmış və müasir tədris üsullarına maraq göstərən müəllimlərdir. Kimya - biologiya fənlərindən sertifikasiya imtahanı ilk dəfə keçirildiyi üçün fikrimcə nəticələr orta səviyyədə olacaq. Bu səbəbdən müəllimlərin ciddi, davamlı və planlı hazırlığı xüsusi əhəmiyyət daşıyır".

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox