Azedu.az

Magistratura Azərbaycanda ustalaşma mərhələsi DEYİL

16 May 2025, 12:18
Magistratura Azərbaycanda ustalaşma mərhələsi DEYİL

Gənclərin xaricdə magistratura təhsilinə marağı, yerli təhsil sistemindəki keyfiyyət və ixtisaslaşma çatışmazlıqları ilə əlaqəlidir. Xarici universitetlər onlara həm akademik, həm də şəxsi inkişaf baxımından daha geniş imkanlar təqdim edir. Bu tendensiya, ölkəmizdə ali təhsilin keyfiyyətini yenidən dəyərləndirmə zərurətini gündəmə gətirir.

 

Gənclər arasında xaricdə magistratura təhsili almaq tendensiyası getdikcə artır. Səbəblər isə müxtəlifdir.

 

AzEdu.az-a açıqlama verən təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmovun sözlərinə görə, bu qərarın arxasında duran əsas amillərdən biri xaricdə təhsilin əcnəbi dildə aparılması və bunun nəticəsində daha keyfiyyətli hesab olunmasıdır.

 

Onun fikrincə, gənclər yeni mədəniyyətlər tanımaq, fərqli ölkələr görmək və şəxsi inkişaf üçün daha geniş imkanlar əldə etmək istəyirlər:

 

“Magistratura təhsili ustalaşma mərhələsi sayılır. Bu mərhələdə tələbənin konkret sahədə dərin ixtisaslaşması vacibdir. Təəssüf ki, Azərbaycanda bir çox ali təhsil müəssisəsi bunu tam şəkildə təmin edə bilmir. Yerli təhsil sistemində magistratura proqramları çox zaman bakalavrın davamı kimi qurulur, dərslər və kurikulumlar isə bir-birinə bənzəyir. Müəllimlərin bəziləri isə magistrantlara kifayət qədər diqqət ayırmır.

 

Bu səbəbdən tələbələr nə tədqiqat metodlarını, nə də praktik bacarıqları tam öyrənə bilirlər. Nəticədə yalnız diplom əldə edilir və bu da motivasiyanı azaldır. Bir çox tələbə Azərbaycanda magistratura oxumağın vaxt itkisi olduğunu düşünür”.

 

Ekspert vurğulayıb ki, bu fikirlər bütün universitetlərə aid edilməsə də, əksər hallarda tələbələr bu cür çətinliklərlə qarşılaşırlar. Belə olduqda isə maliyyə və dil imkanları yetən gənclər xarici universitetlərə üz tuturlar:

 

"Xaricdə təhsil yalnız akademik deyil, həm də sosial baxımdan daha geniş perspektivlər təqdim edir. Eyni zamanda, qayıtdıqdan sonra Azərbaycanda xaricdə təhsil almış məzunlara daha çox maraq və rəğbət göstərildiyi müşahidə olunur".

 

Zeynəb Rzayeva

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox