“Builki ilkin ehtimal olunan plan yeri məlumatlarına əsasən, IV qrup üzrə 5000 minə yaxın yer planlaşdırılıb”.
Bu sözləri AzEdu.az-a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru, Kamran Əsədov söyləyib.
Onun sözlərinə görə, bu il IV qrup üzrə 400-500 bal aralığında olan abituriyentlər arasında da tibb ixtisasları əsas hədəfdir və bu, bəzi hallarda real potensialı aşağı olan gənclərin yanlış ixtisas seçimi etməsinə səbəb olur:
“2025-ci ildə IV ixtisas qrupu üzrə vəziyyət əvvəlki illərlə müqayisədə əsasən eyni dinamikada qalır: rəqabət yalnız tibb ixtisasları ətrafında cəmlənib, digər sahələr isə yenə də zəif maraq görür. Bu ilki ilkin ehtimal olunan plan yeri məlumatlarına əsasən, IV qrup üzrə 5000 minə yaxın yer planlaşdırılıb. Bunun təqribən 1500-ü tibb sahəsinə aiddir və bu yerlərə 600+ bal toplayan abituriyentlər arasında çox kəskin rəqabət var. 2025-ci ildə “Tibb” və “Stomatologiya” ixtisaslarının keçid ballarının 580-630 aralığında olacağı, hətta bəzi fakültələrdə 610+ bal tələb ediləcəyi proqnozlaşdırılır. Bu il bu sahəyə olan marağın daha da artması süni intellekt və texnologiya sahələrində qeyri-müəyyən məşğulluq risklərinin artması ilə əlaqələndirilir”.
“IV qrupun digər ixtisaslarında - xüsusilə dietologiya, baytarlıq, ekologiya və pedaqoji istiqamətlərində isə qəbul planı üzrə yerlərin dolma əmsalı 90%-dən aşağı qalacağı gözlənilir”, - deyə müsahibimiz qeyd edib:
“Bunun əsas səbəbi, bu ixtisaslar üzrə əmək bazarında hələ də kifayət qədər cəlbedici maaş və şəraitin olmaması, eyni zamanda dövlətin stimullaşdırıcı mexanizmlərinin ictimaiyyətə yetərincə tanıdılmamasıdır. 2025-ci ilin əvvəllərində Aqrar Universitetdə verilən əlavə təqaüd, güzəştli yataqxana və kənd yerlərində işə təminat layihəsi haqqında elanlar olsa da, bunların informasiya çatdırılmasında ciddi problemlər var.
Əlavə olaraq, bu il IV qrup üzrə 400-500 bal aralığında olan abituriyentlər arasında da tibb ixtisasları əsas hədəfdir və bu, bəzi hallarda real potensialı aşağı olan gənclərin yanlış ixtisas seçimi etməsinə səbəb olur. Nəticədə, ali məktəbə qəbul olsalar da, sonradan təhsildən imtina və ya ixtisas dəyişməsi faizi artır. 2024-cü ildə IV qrup üzrə qəbul olunanların 18%-i birinci kursu başa vurmadan universitetdən ayrılıb və ya ixtisasını, universotetini dəyişib və bu göstəricinin 2025-ci ildə artacağı gözlənilir”.
Ekspert bildirib ki, müsbət tendensiyalardan biri də bu il dövlət sifarişi ilə ayrılan yerlərin sayının artırılmasıdır. Bundan əlavə, “Dietologiya və Qidalanma” və I ixtisas qrupunda “Heyvandarlıq” kimi yeni ixtisaslar da açılıb:
“Bu yeni ixtisaslara maraq hələ ki məhduddur, lakin onların müasir texnologiyalarla inteqrasiya olunması yaxın illərdə IV qrupun strukturunda dönüş yarada bilər. Əgər bu ixtisasların əmək bazarında real müqaviləli iş yerləri ilə dəstəklənməsi təmin olunarsa, 2026-cı ildən etibarən bu istiqamətə marağın artacağı proqnozlaşdırılır.
Beləliklə, 2025-ci ildə də IV qrup üzrə abituriyentlərin böyük əksəriyyəti tibb ixtisaslarına yönələcək, aqrar və pedaqoji sahələr isə zəif maraqla qarşılaşacaq. Bu balanssızlıq davam edərsə, həm təhsil, həm də iqtisadi inkişaf üçün strateji sektorlar olan kənd təsərrüfatı və əczaçılıqdan kənar texniki istiqamətlərdə ciddi kadr çatışmazlığı dərinləşəcək. Bunu dəyişmək üçün dövlət tərəfindən bu sahələr üzrə minimum keçid balının yenidən müəyyən edilməsi, motivasiya təqaüdlərinin genişləndirilməsi və orta məktəb səviyyəsində peşəyönümlü təbliğatın gücləndirilməsi vacibdir”.