Son günlərdə Nazirlər Kabinetinin verdiyi qərarla "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul Qaydaları"nda mühüm dəyişikliklər edilib.
Mühüm dəyişikliklərdən biri də odur ki, xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalar üzrə müsabiqə bakalavrın qabiliyyət imtahanında topladığı ballar əsasında aparılacaq.
Bu isə qiymətləndirmə prosesində şəffaflığın və obyektivliyin artmasına səbəb ola bilər.
Bəs, görəsən, magistraturaya qəbul üçün əlavə prosedurların tətbiqi tələbələrin hazırlıq səviyyəsinə necə təsir edə bilər? Qabiliyyət imtahanlarının balla qiymətləndirilməsi hansı üstünlüklər və çətinliklər yarada bilər?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov qeyd edib ki, Nazirlər Kabinetinin magistraturaya qəbul qaydalarında etdiyi son dəyişikliklər bir neçə mühüm strateji məqsəd daşıyır:
“Ali təhsildə keyfiyyəti artırmaq, beynəlxalqlaşmanı təşviq etmək və ixtisaslaşmış kadrlara olan tələbatı daha düzgün qarşılayacaq mexanizmlər formalaşdırmaq. Lakin bu dəyişikliklərin uğurlu nəticələr verməsi, onların düzgün icrası və sosial ədalət prinsipinə əməl olunması ilə sıx bağlıdır.
Əvvəla, xüsusi statuslu ali məktəblərə qəbul üçün əlavə daxili prosedurların tətbiqi tələbələrin hazırlıq səviyyəsinə bir neçə istiqamətdə təsir edə bilər. Belə təhsil müəssisələri (ADA, UFAZ, MDB universitetlərinin filialları və hərbi akademiyalar) spesifik təlim strategiyası, yüksək akademik tələblər və kadr hazırlığı standartları ilə seçilir.
Bu səbəbdən, onların əlavə imtahan tələb etməsi təbii görünür. Əgər bu prosedurlar şəffaf və ədalətli şəkildə həyata keçirilərsə, tələbələrin motivasiyasını və öz üzərində işləmək əzmini artırar, çünki bu zaman onlar yalnız DİM imtahanına güvənmək əvəzinə, öz potensiallarını və uyğunluqlarını sübut etmək üçün daha çox çalışmalı olacaqlar.
Lakin təhlükə ondadır ki, daxili imtahanların subyektiv və qeyri-şəffaf şəkildə aparılması ictimai inamı poza bilər və sosial bərabərsizliyi dərinləşdirə bilər. Məsələn, ADA Universitetinə daxil olmaq üçün artıq dil səviyyəsi və analitik bacarıqlar əsas rol oynayacaqsa, rayonlarda yaşayan və bu tip imtahanlara hazırlıq imkanı məhdud olan gənclər üçün bu, ciddi maneə yarada bilər”.
“Qabiliyyət imtahanlarının balla qiymətləndirilməsi isə müsbət dəyişiklikdir, çünki indiyə qədər bu tip ixtisaslar üzrə qəbul qərarları bəzən qeyri-müəyyən meyarlarla verilirdi”,- deyə fikrini əlavə edib:
“Məsələn, musiqi, incəsənət, teatr və dizayn kimi sahələrdə subyektiv yanaşmalar, jürinin şəxsi zövqləri və ya qeyri-rəsmi təsirlər imtahan nəticələrini təhrif edə bilirdi. Qabiliyyətin bal şəklində ifadə olunması həm qiymətləndirmədə obyektivliyi artıracaq, həm də abituriyentə özünü hansı səviyyədə yerləşdirdiyini real göstəricilərlə başa düşməyə imkan verəcək.
Lakin burada texniki və metodoloji problemlər yarana bilər: məsələn, yaradıcılıq və estetik dəyərləndirmə sahələrində balla qiymətləndirmə formallaşmaya gətirib çıxara və yaradıcı potensialı olan, lakin qeyri-standart yanaşmalar sərgiləyən namizədlərin qiymətləndirilməsində çətinliklər törədə bilər.
Bundan başqa, belə sistemdə obyektivlik yalnız o zaman təmin edilə bilər ki, qiymətləndirici komissiyalar peşəkar, öyrədilmiş və müstəqil şəxslərdən ibarət olsun.
Magistratura səviyyəsində ingilis dilində tədris edilən ixtisasların sayının artması qlobal əmək bazarında rəqabət qabiliyyətimizi artırmaq üçün strateji qərardır. Bu, xüsusən də beynəlxalq əməkdaşlıq layihələri, xarici akademik mobillik və qrant proqramları üçün əsas tələbdir. Məsələn, Erasmus+, Horizon Europe, DAAD kimi proqramlarda iştirak üçün həm tələbələrin, həm də müəllimlərin akademik ingilis dili bilikləri vacibdir.
Bundan başqa, texnologiya, hüquq, beynəlxalq münasibətlər və menecment sahələrində dünya miqyasında qəbul edilmiş dərslik və ədəbiyyatın böyük əksəriyyəti ingilis dilindədir və bu dilin bilik səviyyəsi həmin ixtisaslarda müasir tədrisin əsasıdır”.
Ekspert bildirib ki, bu dəyişikliklər ali təhsildə keyfiyyət və fərdiləşdirmə istiqamətində addım kimi qiymətləndirilə bilər:
“Amma bu artım bir neçə riski də özü ilə gətirir. Birincisi, hazırkı bakalavr məzunlarının çoxu həmin sahələrdə təhsili ingilis dilində davam etdirmək üçün yetərli dil səviyyəsinə malik deyil. İkincisi, bir çox universitetdə magistr səviyyəsində dərs deyəcək kadrların dil bilikləri və tədris bacarıqları bu tələblərə cavab vermir.
Bu, forma ilə məzmun arasında disbalans yarada bilər: dərs “ingilis dilində” keçirilsə də, məzmunun ötürülməsi və qavranılması səviyyəsi aşağı düşə bilər. Bundan əlavə, kənd yerlərində və sosial imkanları məhdud olan gənclər üçün bu, təhsildən kənarda qalma riskini artırır.
Hesab edirəm ki, bu dəyişikliklər ali təhsildə keyfiyyət və fərdiləşdirmə istiqamətində addım kimi qiymətləndirilə bilər, lakin onların uğuru şəffaflıq, regional balans, sosial ədalət və pedaqoji hazırlıq kimi faktorların necə təmin olunmasından asılı olacaq.
Bu səbəbdən, Nazirlər Kabinetinin qəbul etdiyi bu qərar təkcə struktur deyil, həm də məzmun və bərabərlik baxımından davamlı monitorinq və təkmilləşdirmə tələb edir”.