Keçən günlərdə sabiq deputat Etibar Əliyev verdiyi açıqlamada maraqlı bir təkliflə çıxış etdi ki, deputatların dil bilikləri yoxlanılmalıdır.
Bəs, belə bir təklifin yaxın vaxtlarda qüvvəyə minməsi nə dərəcədə məqsədəuyğundur? Ümumiyyətlə, deputatlıq kimi bir işi icra edən şəxsin dil biliyinin aşağı olma ehtimalı varmı?
AzEdu.az-a mövzu ilə bağlı Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin icraçı direktoru, “Qanun” nəşriyyatı, tərcüməçi və redaktor, Aygün Əziz danışıb.
Onun sözlərinə görə, xalqın mənəvi dəyərlərindən biri, bəlkə də, birincisi olan ana dilinə hörmət etməyən deputata xalq niyə hörmət etməlidir?
“Dövlət İmtahan Mərkəzi İdarə Heyətinin sədri Məleykə Abbaszadənin məlum çağırışı cəmiyyətdə rezonans yaratdı. Buna səbəb Azərbaycanda yüksəkvəzifəli məmurlar, ədəbiyyat adamları tərəfindən ədəbi dil normalarının pozulması faktlarının artımıdır. Əlbəttə ki, belə qüsurlar dərhal nəzərə çarpır. Üzdə olan simalar bunu nəzərə almalı, ictimai qınağa tuş gəlməmək üçün öz üzərlərində işləməlidirlər. Ədəbi dilin öz normaları var və onları qorumaq hər kəsin borcudur. Klassiklərimiz - Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir Hacıbəyli, Firidun bəy Köçərli, Ömər Faiq Nemanzadə kimi böyük mütəfəkkir və ədiblərimiz ana dili uğrunda ona görə fədakarlıq ediblər ki, biz onların bizə əmanət qoyub getdiyi dilimizi istədiyimiz kimi formadan formaya salaq, yaxud onu xor görüb başqa dillərdə bülbül kimi ötməklə özümüzü təmizə çıxaraq? Xeyr! Hardasa bir əsr əvvəl Üzeyir bəy yazırdı: "Ana dilimizə əhəmiyyət verməsək, ola bilər ki, bir gün dilimiz itər-batar, yox olar və bir millətin də ki, dili batdı, o millət özü də batar, çünki bir millətin varlığına, yaşamasına isbat vücud onun dilidir".
“Sabiq deputatın fikrini normal, hətta diqqətdə saxlanılması vacib çağırış kimi qəbul edirik”, - deyə müsahibimiz qeyd edib:
“Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanuna görə, “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin I hissəsinə müvafiq olaraq Azərbaycan dilidir. Dövlət dilini bilmək hər bir Azərbaycan Respublikası vatəndaşının borcudur” (maddə 1.1). Bu qanuna etina etməyən, öz ana dilində normal, orta məktəb şagirdinin səviyyəsində danışa, yaza bilməyən yazçıya, deputata mən necə hörmət edim? Seçiciləri, cəmiyyət, xalq ondan nə nümunə götürsün? Deputatlar xalqın seçilmiş nümayəndələridir. Onlar həm də yazılı və şifahi nitqi ilə nümunə olmağı bacarmalıdırlar.
Bəzi məmurların və millət vəkillərinin çıxışlarına baxanda, hətta əlində tutduğu kağızın üzündən normal oxuya bilmədiyini, kəkələdiyini, sözləri yanlış tələffüz etdiyini, çaşdığını görəndə adama elə gəlir ki, danışan azərbaycanlı deyil, Azərbaycan dilində 3-4 ay dil kursuna gedib, bu dili yenicə öyrənən əcnəbidir. İnsanlar bunlara baxıb gülür, məsxərəyə qoyur və beləliklə, ölkədə məmur, deputat imici pozulur, nüfuz aşağı düşür. Xalqın mənəvi dəyərlərindən biri, bəlkə də, birincisi olan ana dilinə hörmət etməyən deputata xalq niyə hörmət etməlidir? ".
“Xalqın qarşısında normal danışa, üzündən oxuya bilməyən tanınmış kim olursa olsun, hörmət qazanmayacaq, rişxənd obyektinə çevriləcək və bu, təbiidir. Öz üzərində işləməmək özü-özünü nüfuzdan salmaq deməkdir”, deyə Aygün Əziz vurğulayıb.