Statistikalar onu göstərir ki, hazırda elektron ərizəsini təsdiq edən abituriyentlərin sayında ötən illə müqayisədə artım var. Hələ ixtisas seçimi bitməmiş rəqəmlərdəki fərqi təxmini görmək mümkündür.
Bəs görəsən, rəqəmlər nə deyir? Bu il ixtisas seçimində rəqabət olacaqmı?
Təhsil eksperti Elçin Əfəndi (Əfəndiyev) AzEdu.az-a açıqlamasında bildirib ki, bu il ixtisas seçimində rəqabət olacaq:
“Ötən illə müqayisə aparsaq, hazırda blok I cəhd imtahanında III və IV ixtisas qrupları üzrə iştirakçı sayında artımı görə bilərik. Digər iki ixtisas qrupunda isə qarşıdakı günlərdə artım gözlənilir.
Elektron ərizə qəbulunun başa çatmasına təxminən 1 gündən çox qalıb. İndi ixtisas qrupları üzrə müraciət sayı belədir:
I ixtisas qrupu üzrə 28964 nəfər, II ixtisas qrupunda 23780, III ixtisas qrupunda 26183 nəfər, IV ixtisas qrupunda isə 6211 nəfər elektron ərizəsini təsdiqləyib.
Ötən il I cəhd blok imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçən abituriyent sayı isə belə idi:
I ixtisas qrupu üzrə 30150 nəfər, II ixtisas qrupu 23957, III ixtisas qrupunda 25146 nəfər, IV ixtisas qrupunda isə 5929 nəfər qeydiyyatdan keçmişdi.
İxtisas qrupları üzrə qeydiyyatdan keçən abituriyentlərin say çoxluğu onu deməyə əsas verir ki, plan yerləri uğrunda mübarizə rəqabət mühitində keçəcək, beləcə, gərgin proses yaranacaq. Xüsusilə, III və IV ixtisas qruplarında olan artım bu ixtisas qrupları üzrə hazırlaşan abituriyentləri daha diqqətli olmağa və ciddi hazırlaşmağa məcbur etməlidir.
Nəzərə alaq ki, yüzlərlə abituriyent I cəhddə deyil, birbaşa ikinci cəhddə iştirakı hədəfləyir. Ona görə də həm I, həm də II cəhddə ümumi iştirakçı sayında bu il ötən illə müqayisədə müraciət edənlərin sayında artım olacaq ki, bu da müsabiqənin daha gərgin keçəcəyi deməkdir”.