Azedu.az

DİM-in yeni addımı: Elektron imtahanlar insan faktorunu minimuma ENDİRƏCƏK

İmtahanlar

Dövlət İmtahan Mərkəzi (DİM)

29 Aprel 2025, 09:05
DİM-in yeni addımı: Elektron imtahanlar insan faktorunu minimuma ENDİRƏCƏK

Ötən günlərdə DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə magistraturaya qəbul imtahanlarının elektronlaşdırılması haqqında bağlı fikir bildirib.

 

Maraqlıdır, magistratura imtahanlarının elektron formatında olması gələcəkdə təhsil sisteminə necə təsir edəcək?

 

Mövzu ilə bağlı AzEdu.az-açıqlama verən Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədovun sözlərinə görə, magistraturaya qəbul imtahanlarının elektronlaşdırılması hazırkı mərhələdə Azərbaycanın təhsil sistemində rəqəmsal transformasiyanın tərkib hissəsi kimi ciddi əhəmiyyət kəsb edir:

 

"Son illərdə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən imtahanların mərhələli şəkildə elektron formatda təşkili bu prosesin şəffaflıq, obyektivlik və operativlik baxımından real nəticələr verdiyini göstərir. Məsələn, 2024-cü ildə DİM tərəfindən keçirilən elektron test imtahanlarında iştirakçıların nəticələrinin 93%-i imtahan bitdikdən dərhal sonra açıqlanıb, şikayətlərin sayı isə ənənəvi formatla müqayisədə 17% azalıb. Bu göstəricilər elektron formatın idarəetmədə effektivliyin artmasına səbəb olduğunu bir daha təsdiqləyir.

 

Elektron imtahanların əsas üstünlükləri sırasında obyektivliyin təmin olunması, insan faktorunun və texniki səhvlərin minimuma endirilməsi, sual bazasının avtomatik seçilməsi və təhlükəsizliyin gücləndirilməsi ön plana çıxır. Həmçinin, nəticələrin dərhal elan olunması imtahan prosesinə olan ictimai etimadı artırır və imtahan iştirakçılarının psixoloji yüklənməsini azaldır. Qanunvericiliyə əsasən, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində göstərilir ki, təhsil sahəsində şəffaflıq, ədalətlilik və obyektivlik prinsiplərinə riayət olunmalıdır. Elektron imtahan formatı məhz bu prinsiplərin təminatında yeni imkanlar yaradır".

 

"Bununla yanaşı, elektron formatda imtahanların keçirilməsi bəzi çətinlikləri də özü ilə gətirir",-deyə ekspert fikrinə əlavə edib:

 

"Ən başlıca problemlər texniki infrastrukturun regionlar üzrə bərabər səviyyədə olmaması, bəzi iştirakçıların İKT bacarıqlarının aşağı olması və imtahan təhlükəsizliyinin tam təmin edilməməsi riskləridir. Həmçinin, bəzi sual növlərinin – xüsusən də açıq cavab tələb edən yazılı tapşırıqların- avtomatlaşdırılmış şəkildə qiymətləndirilməsi hələ də insan faktoruna ehtiyac yaradır. Buna görə də, bu sahədə əlavə təkmilləşmələr və texniki yeniliklər tətbiq edilməlidir.

 

Dünya təcrübəsində elektron imtahan formatı ABŞ, Böyük Britaniya, Almaniya, Sinqapur kimi ölkələrdə artıq geniş yayılıb. Bu ölkələrdə elektron imtahanlar yalnız şəffaflıq baxımından deyil, həm də testin fərdiləşdirilməsi, intellektual analitika və nəticələrin idarə olunması baxımından yüksək nəticələr verir. Əksər Avropa ölkələrində qəbul imtahanlarının 70-80%-i elektron formada keçirilir, bu isə müəllim-ekspertlərin iş yükünü və insan resurslarına ehtiyacı kəskin şəkildə azaldır.

 

Azərbaycan təcrübəsində magistratura imtahanlarının elektron formata keçirilməsi qəbul prosesinin şəffaflığını, sürətini və effektivliyini artıracaq, eyni zamanda, müasir texnologiyaların tətbiqini stimullaşdıracaq. Gələcəkdə açıq sualların və analitik tapşırıqların da elektron platforma üzərindən avtomatlaşdırılmış qiymətləndirilməsi təmin olunarsa, bu sahədə insan faktorunun təsiri daha da azalacaq".

 

K.Əsədov bildirib ki, elektron formatda imtahanların tətbiqi ölkənin təhsil sisteminin dünya standartlarına inteqrasiyasını sürətləndirəcək:

 

"Nəticə etibarilə imtahanların keyfiyyət göstəriciləri artacaq, resurslardan istifadədə səmərəlilik təmin olunacaq. Bununla belə, bu prosesin davamlı və dayanıqlı olması üçün regional İKT infrastrukturu tam gücləndirilməli, imtahan iştirakçılarına texniki dəstək və təlim imkanları artırılmalı, imtahan təhlükəsizliyi üçün beynəlxalq standartlar tətbiq edilməlidir.

 

Bütün bu tədbirlər nəticəsində, gələcəkdə Azərbaycan təhsilində qəbul və qiymətləndirmə prosesləri daha çevik, obyektiv və şəffaf olacaq, təhsil sisteminə etimad güclənəcək".

TƏCİLİ! ŞOK açıqlama - ABŞ Putini qalib elan etdi
Son xəbərlərDaha çox