Hazırda sosial şəbəkələrdə 20-30 balla ali məktəblərə, hətta dövlət universitetlərinə belə qəbulun mümkün olduğunu iddia edən aldadıcı reklamlar geniş şəkildə paylaşılır. Təəssüf ki, bu cür məlumatlara inanan valideyn və abituriyentlərin sayı az deyil.
Bəs, az balla ali məktəblərə qəbul vədi verən reklamlar nə dərəcədə realdır və bu cür məlumatlar abituriyentlər üçün hansı riskləri yaradır?
AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndiyev (Əfəndi) danışıb.
Onun sözlərinə görə, bu, vətəndaşın çıxılmaz vəziyyətindən sui-istifadə etməkdir:
“20-30 balla ali məktəblərə qəbul olunacağına dair vədlər vermək açıq-aşkar dələduzluqdur. Bu, vətəndaşın çıxılmaz vəziyyətindən sui-istifadə etməkdir. Çünki bu qədər aşağı balla ali məktəbə qəbul olmaq real deyil. Buna görə də abituriyentlər və onların valideynləri bu cür vədlərə aldanmamalı, xüsusilə diqqətli olmalıdırlar".
"Bu kimi hallarla rastlaşdıqda aidiyyəti dövlət qurumlarına, xüsusilə hüquq-mühafizə orqanlarına məlumat verilməlidir”, - deyə ekspert vurğulayıb:
“Əgər biri 20, 30, hətta 50 balla belə qəbul vədi verirsə, həmin şəxsin dələduzluqla məşğul olduğunu bilməlisiniz. Təəssüf ki, hər il bu cür şəxslər ortaya çıxır, yalan vədlərlə vətəndaşları aldadır, bəziləri balın artırılacağını, bəziləri isə xaricdə təhsil vəd edərək vətəndaşları diplomların tanınmaması kimi problemlərlə üz-üzə qoyurlar. Bəzi hallarda xaricə göndərilən vətəndaşların insan alverinin qurbanına çevrildiyi də müşahidə olunur. Bu isə məsələni daha da ciddi edir və vətəndaşları son dərəcə ehtiyatlı olmağa vadar edir.
Yaxşı olar ki, abituriyentlər qəbul prosesi ilə bağlı mütəxəssis rəyi alsınlar. Təhsil sahəsində uzun müddət fəaliyyət göstərən şəxslərin fikirlərinə və tövsiyələrinə diqqət yetirsinlər. Eyni zamanda, Elm və Təhsil Nazirliyi, eləcə də Dövlət İmtahan Mərkəzinin rəsmi açıqlama və tövsiyələrinə əsaslansınlar ki, hər hansı bir dələduzun qurbanına çevrilməsinlər”.