Azedu.az

Nə telefondan, nə də sosial şəbəkələrdən istifadə edirəm - 300 bal toplayan ŞAGİRD

18 Aprel 2025, 12:15
Nə telefondan, nə də sosial şəbəkələrdən istifadə edirəm - 300 bal toplayan ŞAGİRD

“Sosial şəbəkələrdən istifadə etmirəm, boş vaxtlarımda mental sağlamlığımı güclü saxlamağa çalışıram”

 

Bu sözləri AzEdu.az-a müsahibəsində 300 bal toplayan Bakı şəhəri, 204 saylı orta məktəbin şagirdi Qoşqarov Müzəffər Qədir oğlu deyib.

 

700 bala namizəd olan Müzəffərlə müsahibəni təqdim edirik.

 

- Maksimum bal toplayacağını əvvəldən təxmin edirdin?

 

-  Əlbəttə, gözləyirdim, çünki mənə görə hər əziyyətin sonu uğurla nəticələnir.

 

- Etalon cavabları yoxladıqdan sonra təxminən neçə bal toplayacağını düşünürdün?

 

- Cavabları yoxladıqdan sonra özümdən 290-dan çox bal gözləyirdim.

 

- Təhsil alacağın ixtisası və universiteti seçmisən?

 

- ⁠Hədəfim Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi fakültəsinə qəbul olmaqdır. Bunun üçün əlimdən gələni edirəm.

 

- Gələcək üçün qarşıya qoyduğun əsas hədəflər nələrdir?

 

- Ali təhsilimi müvəffəqiyyətlə başa vurub, xarici ölkədə magistratura təhsili almaq istəyirəm. Təhsilli gənc kimi vətənim, xalqım, millətim üçün töhfələr vermək fikrindəyəm.

 

- Bildiyim qədərilə şəxsi telefonunun yoxdur. Bunun səbəbi nədir? 

 

- Bəli, şəxsi telefonum yoxdur. Çünki şəxsi buna ehtiyac duymurdum. Sosial şəbəkələrdən isə istifadə etmirəm. Boş vaxtlarımda mental sağlamlığımı güclü saxlamağa çalışıram.

 

- Biz, ancaq sənin uğurunu, qalibiyyətini görürük, amma maksimum bal toplamağın arxasında görünməyən çətinliklər də gizlənir. Sənə görə, yüksək nəticə əldə etməyin təməlində nə dayanır?

 

- Mənim ⁠uğurumun sirri davamlı əzmlə çalışmaq, iradəli olmaq, özümə və Allaha inanmaqdır.

 

- Yəqin ki, bu uğur IX sinif buraxılış imtahanında da özünü göstərib. 2 il əvvəl neçə bal toplamışdın?

 

- IX sinif buraxılış imtahanında ⁠263.7 bal toplamışdım.

 

- Ən böyük arzun nədir?

 

- Ən böyük arzum Bakı Ali Neft Məktəbinin İnformasiya Təhlükəsizliyi fakültəsinə qəbul olmaqdır.

 

- İmtahana qədər gündə neçə saat dərs oxumusan?

 

- Gün ərzində 5-6 saat, imtahana yaxın vaxtda isə daha çox vaxt sərf edirdim.

 

- Repetitor yanına gedirdin?

 

- Əslində, məktəb müəllimlərimin və rəhbərliyin çəkdiyi əziyyətlər danılmazdır. Ancaq daha çox uğur əldə etmək üçün 10-cu sinifdən hazırlığa getmişəm. Lakin məktəbə getmədən yalnız hazırlıq dərsləri ilə məşğul olmaqla yüksək nəticə əldə etmək mümkün deyil.

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox