Bəzən abituriyentlər sınaq imtahanında göstərdikləri nəticəni qəbulda toplaya bilmirlər. Bu vəziyyət təbii ki, bir çox faktorlarla əlaqəli ola bilər.
Lakin bu, ümumilikdə abituriyentin zəif olduğunu göstərmir, əksinə, sınaqdan əldə olunan nəticələrin inkişaf üçün bir fürsətdir.
Bəs, görəsən, şagirdlər nə üçün sınaqda topladığı yüksək balı qəbul imtahanında toplaya bilmirlər?
Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Rizvan Fikrətoğlunun sözlərinə görə, cəmiyyət içərisində belə bir yanlış ifadə var ki, sınaq imtahanının nəticəsinə uyğun olaraq Dövlət İmtahan Mərkəzi qəbul imtahanı formalaşdırır:
“Belə bir iddia tamamilə yanlışdır. Ona görə ki, sınaq imtahanlarnda iştirak edən abituriyent sayı, qəbul imtahanında iştirak edən abituriyent sayına nisbəti olduqca azdır. Üstəlik, sınaq imtahanı 40 AZN olaraq ödənişlidir. Ona görə də burada sırf yüksək bal toplayan şagirdlər daha çox iştirak etməkdə meyilli olurlar. Belə olan halda da sınaqda iştirak edənlərin sayı azlıq təşkil edir.
Digər bir məsələ isə sınaq imtahanında şagirdlər daha rahat olurlar. Çünki bu bir sınaqdır. Yəni az bal toplamaq onlar üçün bir problem yaratmayacaq. Qəbul imtahanı isə daha ciddidir. Bu da öz növbəsində abituriyentlərdə psixoloji gərginlik yaratmış olur.
Həmçinin bu imtahanda konkret meyarlar var. Lakin sınaqda elə bir meyarlar bəzən pozula bilir. Əksər hallarda sınaqda çox toplayan şəxs qəbul imtahanında az toplayır. Lakin bunun əksi də olur. Bu da onunla əlaqəlidir ki, sınaq imtahanları konkret olaraq prinsiplərlə tam əhatə oluna bilmir. Ümumilikdə sınaq imtahanlarının faydaları çox yüksəkdir. Bu həmçinin abituriyentin vaxtın düzgün şəkildə idarə olunmasına bir növ kömək olur”.