“Ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərin əksəriyyəti dövlət məktəblərini bitirən şagirdlərdir”.
Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndiyev söyləyib.
Ekspert qeyd edib ki, bəzi özəl təhsil müəssisələrində illik təhsil haqqı 15-16 min manat arasında dəyişir, bəzilərində isə daha yüksək məbləğlər tələb edirlər:
“Bu gün ölkəmizdə 4400-dən çox tam orta ümumtəhsil müəssisəsi fəaliyyət göstərir. Bəzi təhsil müəssisələrində dərslər Elm və Təhsil Nazirliyinin proqramı, bəzilərində isə beynəlxalq proqramlar əsasında tədris olunur. Lakin özəl məktəblərdə təhsil haqları mövcuddur və bu məbləğlər çox vaxt yüksək olur. Məsələn, bəzi özəl təhsil müəssisələrində illik təhsil haqqı 15-16 min manatdan başlayır. Minimum təhsil haqqı isə 6 min manatdan başlayır. Təbii ki, bir çox ailələr bu məbləği ödəməkdə çətinlik çəkirlər.
Özəl məktəblər arasında təlim və tədris keyfiyyəti ilə seçilənlər arasında “Dəyanət” Liseyi, “Bakı Avropa Liseyi”, “Bakı Oksford Məktəbi”, Xəzər Universitetinin “Dünya” məktəbi, “XX əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” və “Hədəf” Liseyi kimi təhsil müəssisələri yer alır. Bu məktəblərin təlim və tədris keyfiyyəti diqqətəlayiqdir”.
Müsahibimiz əlavə edib ki, dövlət məktəblərində təhsilin keyfiyyəti daha da yüksəlməlidir. Əgər dövlət imkan yaradırsa və şagirdlərə pulsuz təhsil təklif edirsə, dövlət məktəblərində təhsil almaq daha məqsədəuyğun hesab olunur:
“Bundan əlavə, ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərin əksəriyyəti dövlət məktəblərini bitirən şagirdlərdir. Bu fakt onu deməyə əsas verir ki, dövlət ümumtəhsil məktəbləri özəl məktəblərdən heç də geri qalmır. Buna görə də valideynlər ilk növbədə evlərinə yaxın olan dövlət təhsil müəssisələrinə üz tutmalıdırlar”.