Müəllimlərin işə qəbulu üzrə yüksək bal toplayan namizədlərin əksəriyyəti Bakıda fəaliyyət göstərməyə üstünlük verirlər. Bu da öz növbəsində təhsilalanların xeyrinədir.
Lakin buraxılış və qəbul imtahanların statistikasına nəzər yetirsək, yüksək bal toplayan şagirdlərin daha çox bölgələrdə təhsil aldığının şahidi oluruq.
Bəs, görəsən, həmin şagirdlərin yetişdirilməsində əsas faktor nədir? Yüksək bal toplayan müəllimlərin əksəriyyəti Bakını seçməsinə baxmayaraq, bölgələrdə yüksək bal toplayan şagirdlərin sayının daha çox olmasına səbəb nədir?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədovun sözlərinə görə, Bakı və regionlardakı müəllimlərin seçimi və bu seçimlərin nəticələrdə əks olunma səbəbləri müxtəlif sosial, iqtisadi və mədəni amillərdən qaynaqlanır:
“MİQ imtahanlarından yüksək bal toplayan müəllimlərin çoxunun Bakını seçməsi şəhərdəki daha yüksək maaş imkanları, kariyera perspektivləri və geniş təhsil infrastrukturu ilə bağlıdır. Şəhərdəki təhsil müəssisələrinin geniş spektri, maddi-texniki baza və inkişaf etmiş tədris imkanları Bakı müəllimləri üçün əlavə stimul yaradır. Burada təhsil alan şagirdlər də daha geniş resurslardan faydalana bilirlər.
Lakin regionlardan çıxan yüksək bal toplayan şagirdlərin çoxluğu bir neçə səbəbdən irəli gəlir. Birincisi, rayonlarda təhsil alan şagirdlərin daha çox diqqət və motivasiya ilə hazırlaşmasıdır. Bölgələrdəki şagirdlər üçün təhsildə yüksək bal toplamaq və universitetə qəbul olmaq sosial yüksəlişin əsas yollarından biridir. Şəhərdə yaşayan şagirdlər üçün isə alternativ fəaliyyətlər və diqqət dağıdan faktorlar daha çoxdur. Bu, bəzi şəhər şagirdlərinin dərslərə yönəlməsinə mane ola bilər, amma bölgələrdə bu cür diqqət dağıdan amillər daha məhduddur.
Bununla yanaşı, bölgələrdə çox zaman müəllimlər və şagirdlər arasında daha yaxın əlaqə qururlar. Bölgələrdə müəllimlərin kiçik siniflərdə daha fərdi yanaşma tətbiq etməsi, şagirdlərlə birbaşa əlaqə və onlara daha çox motivasiya verilməsi mümkündür. Məsələn, bəzi bölgə məktəblərində müəllimlər şagirdləri dərsdən əlavə saatlarda da hazırlayır və bununla nəticələrə təsir göstərə bilir. Bu fərdi diqqət və təcrübə şagirdlərin motivasiyasını artırır, onları daha ciddi şəkildə çalışmağa təşviq edir”.
Həmsöhbətimiz qeyd edib ki, regionlarda yüksək bal toplayan şagirdlərin sayının daha çox olması həm də burada yaşayan ailələrin təhsilə xüsusi əhəmiyyət verməsindən qaynaqlanır:
“Rayon ailələri çox vaxt təhsili gələcək üçün əsas uğur vasitəsi kimi görür və uşaqlarını universitetə qəbul olmaq üçün hərtərəfli dəstək verirlər. Şəhərdə isə bəzi valideynlər övladlarının başqa sahələrdə də uğur qazanmasına diqqət yetirir, bu isə təhsilin prioritet sırasını dəyişdirə bilir.
Dünya təcrübəsi də göstərir ki, regionlarda və ya kiçik şəhərlərdə təhsil alan şagirdlər çox vaxt akademik olaraq daha uğurlu olurlar. Məsələn, ABŞ-da kənd bölgələrində olan məktəblərdən çıxan tələbələrin daha yaxşı akademik nəticələr göstərdiyinə dair bir çox araşdırma var. Bu, bölgələrdəki təhsilin daha fokuslanmış olması və sosial dəstək mexanizmlərinin yüksək olması ilə əlaqələndirilir.
Ümumilikdə, şəhərdə təhsil alan müəllimlərin Bakını seçməsi təhsilin keyfiyyətinə təsir göstərsə də, bölgələrdə motivasiya və fərdi yanaşma ilə yüksək nəticələr əldə olunur. Bu vəziyyəti balanslaşdırmaq üçün region müəllimlərinin maddi dəstəyinin artırılması və bölgələrdə də təhsil resurslarının gücləndirilməsi faydalı olardı”, - deyə fikrini yekunlaşdırıb.