Şagirdlər və valideynləri ixtisas seçimində bəzən tez, bəzən isə gec qərar verirlər. Bu, abituriyentin təhsilinə mənfi təsir göstərə bilər.
Maraqlıdır, bəs, ixtisas və ya ixtisas qrupu neçənci sinifdən seçilməlidir?
Mövzu ilə bağlı təhsil eksperti Ramin Nurəliyev AzEdu.az-a açıqlamasında bildirib ki, bəzən valideynlər övladlarının potensialını görməzdən gələrək öz qərarlarını tətbiq edirlər.
“Bəzən valideynlər övladlarının ixtisas qrupunu və ya ixtisas seçiminə həddindən artıq müdaxilə edirlər. Bu, abituriyentin 11-ci sinifə gəldikdə hazırlaşdığı qrup üzrə nəticələrinin qənaətbəxş olmamasına səbəb olur. Nəticədə, gənc məcbur olur ki, hazırlaşdığı qrupu dəyişsin, bu isə onun ümumi nəticəsinə təsir edir. Çünki 11-ci sinifin ortalarında ixtisas qrupunun dəyişdirilməsi yekun qərara təsir göstərir”.
R.Nurəliyev, ixtisas seçimi məsələsində valideynlərin abituriyentlə birgə mütəxəssis yanına 9-cu sinifdən getmələrini məsləhət görür. O, qeyd edib ki, abituriyent 9-cu sinifin sonlarına kimi öz ixtisas qrupunu müəyyənləşdirməli və 10-cu sinifdən etibarən universitetə hazırlıq istiqamətində çalışmalara başlamalıdır:
“Abituriyent ixtisas qrupunu seçərkən hər tərəfli düşünməlidir. Dəqiq fənlərdə yaxşı nəticə göstərə bilməyəcəksə, onu həmin fənlərə uyğun qruplardan uzaqlaşdırmaq lazımdır. Abituriyenti, mənimsəyə biləcəyi fənlərə və arzuladığı peşəyə uyğun yönləndirmək vacibdir. Lakin cəmiyyətdə belə bir fikir var ki, ən yaxşısı nədirsə, o seçilməlidir. Bunun üçün valideynlər övladlarını daha prestijli ixtisaslara məcbur edirlər. Nəticədə, abituriyent yaxşı bal toplaya bilmir və hazırladığı qrupun ən aşağı ballı ixtisasına qəbul olur”.
Ekspert valideynlərə müraciət edərək, onlara tövsiyə edir: “Valideynlər uşağın gələcək peşəsinə yönəlik təzyiq göstərməməlidir. Onlar övladlarının potensialını dərk etməlidirlər və dərs yükü buna uyğun qurulmalıdır”.