Dövlət İmtahan Mərkəzinin Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin müdiri Natiq Əliyev 14 oktyabr 2025-ci il tarixində Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən beynəlxalq elmi-praktik konfransda iştirak edib.
DİM-dən AzEdu.az-a bildirilib ki, “Bilik və Bacarıqların Qiymətləndirilməsində Nəzəri və Praktik Yanaşmalar” mövzusunda keçirilən konfrans Özbəkistan Respublikasının Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən Bilik və Səriştələrin Qiymətləndirilməsi Agentliyinin 30 illik yubileyinə həsr olunub.
Beynəlxalq konfransın əsas məqsədi bilik və bacarıqların qiymətləndirilməsi sisteminin inkişaf etdirilməsi, beynəlxalq təcrübəyə əsaslanan müasir yanaşmaların tətbiqi, şagird və tələbələrin biliklərinin ədalətli və şəffaf şəkildə qiymətləndirilməsi sisteminin formalaşdırılması üzrə müzakirələrin və təcrübə mübadiləsinin aparılması olub.
Konfransda qiymətləndirmə sahəsinin müxtəlif istiqamətləri üzrə plenar iclaslar və paralel sessiyalar təşkil olunub. Konfransda müzakirə olunan mövzular təhsil islahatlarının ən aktual məsələlərini əhatə edib. Qiymətləndirmə prosesində innovativ texnologiyaların tətbiqi, test tapşırıqlarının keyfiyyətinin artırılması, rəqəmsal həllər vasitəsilə ədalətli və etibarlı qiymətləndirmə sisteminin qurulması kimi istiqamətlərə xüsusi diqqətə göstərilib.
DİM-in Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin müdiri Natiq Əliyev oktyabrın 15-də Bilik və Səriştələrin Qiymətləndirilməsi Agentliyini də ziyarət edib. Ziyarət zamanı agentliyin faəliyyəti istiqamətləri və təqdim olunan yeni imtahan modelləri üzrə fikir mübadiləsi aparılıb.